Newscenter.az.12.03.2022. Etibarlılıq bir çox mənəvi keyfiyyətin məcmusundan doğan dəyərdir. Buna görə də hər hansı bir insanın etibarını qazanmaq hamıya nəsib olmur. Xüsusilə də Heydər Əliyev kimi insanı insandan seçən böyük dövlət xadiminin etibar etdiyi şəxs olmaq asan deyildi. Məlum olduğu kimi, mərhum prezident birinci hakimiyyəti dövründə bərabər işlədiyi kadrların böyük xəyanətinə uğramış, müstəqillik illərindən sonra hakimiyyətə qayıdışında köhnə təcrübələrindən nəticə çıxararaq güvəndiyi insanları zərgər dəqiqliyi ilə seçmişdir. Onun ən çox etibar etdiyi şəxsiyyət isə Bəylər Eyyubov olmuşdur. Əks halda özünün və ailəsinin, canı qədər sevdiyi dövlətimizin güvənliyini Bəylər müəllimə həvalə etməzdi.
Bəylər Eyyubovun 1994-cü ildə təyin olunduğu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi və Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini bu günə qədər davam etdirməsi onun etibarlı şəxs olmaq xüsusiyyətini indiyədək qoruduğunu təsdiqləyir. Bu da onun mənəvi keyfiyyətinin yüksəkliyindən xəbər verir. Çünki etibarı qoruyub saxlamaq etibar qazanmaqdan daha çətindir. Amerikalı sahibkar, dünyanın ən böyük və tanınmış investorlarından olan 91 yaşlı Uorren Baffet bu barədə deyib: «Etibar qazanmaq üçün 20 il lazımdır; lakin onu tamamilə yox etmək üçün sadəcə beş dəqiqə kifayətdir». Uorren Baffetin nöqteyi-nəzərindən baxsaq, aydın olur ki, Bəylər Eyyubov 30 ilə yaxındır ki, Prezident ailəsinin nəzdində bu etibarına kölgə düşürməyib, üstünə toz belə qondurmayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iki il əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edib yerinə 3 qurum yaradanda toxunmadığı şəxs Bəylər müəllim olmuşdu. 16 Mart 2020 tarixli Fərmanla Bəylər Eyyubov Bəylər Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdi.
Bu Fərmandan sonra ölkəmizdə baş verən bir sıra hadisələrə, xüsusilə də 44 günlük savaşın başlanmasına diqqət yetirsək, Prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətini ləğv etməsinin əsl səbəbini anlaya bilərik. Görünür, ölkə başçısı yaxınlarda Azərbaycanın ağır döyüşlərə və imtahanlara girəcəyini bildiyindən dövlətimizin ən strateji obyektlərini daha güvənli əllərə tapşırmağı məsləhət görmüş, özünün və ailəsinin can güvənliyini ən etibar etdiyi adama - Bəylər Eyyubova tapşırmışdır. Zənnimizcə, haqqında danışdığımız şəxsiyyətə verilmiş ən yüksək dəyər də məhz həmin Fərmandır.
Vətənimizin bu böyük və güvənilirli övladı 71 yaşına qədəm qoydu. O, 11 mart 1951-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonu Şirazlı kəndində anadan olub. Keçdiyi bu möhtəşəm ömür yolunda həmişə yaxın ətrafının etibarını qazanıb, hər kəsə əlindən gələn köməkliyi göstərib. Ona yaxın çevrəsində «dayı» deyə müraciət edilməsi də qazandığı hörmətin, iltifatın ifadəsidir.
Mən Bəylər Eyyubovu ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və etibarlı şəxs olma keyfiyyətini sonuna qədər qorumağı arzulayıram.
Mürvət Həsənli,
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri