Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Məmmədovun QHT barədə anlayışı səhv istiqamətdədir



Newscenter.az.13.03.2022. Real partiyasının rəhbəri, hörmətli İlqar Məmmədovun Rusiya-Ukrayna müharibəsi ilə bağlı video-çıxışına qulaq asdım. Əvvala deyim ki, istənilən siyasi təşkilat təmsilçisinin baş verən proseslərə münasibət bildirməsi müsbət addımdır. Biz səslənən fikirlə razılaşa da bilərik, razılaşmaya da. İstənilən fikir rəngarəngliklə yanaşı cəmiyyətdə ictimai müzakirələrə yol açır, bu isə aktivliyi artırır.

Video paylaşımının şərh bölümü bağlı olduğundan məcbur olub təəssüratımı bura yazıram. Açığı İlqar bəydən fərqli fikir gözləyirdim. Fərqli deyəndə Rusiya dağılacaq, Ukrayna Putini aşıracaq kimi emosional və reallıqdan uzaq fikirləri nəzərdə tutmuram. Gözləntim Ukrayna hadisələrinin dünyaya, o cümlədən Azərbaycana təsiri barədə idi. Bilmək istəyirdim ki, Azərbaycan hökuməti bu prosesdən nə nəticə çıxaracaq? Rusiya Ukraynanı tam işğal etsə bizi nə gözləyir, uduzsa nə gözləyir? Ancaq İlqar bəyin çıxışını əsas xətti bu oldu ki, Ukrayna səhv edib, Azərbaycan hakimiyyəti düz edir və biz gözü çıxmış qardaşdan dərs çıxartmalıyıq.

Çıxışda razılaşmadığım məqamlar çox idi. Bu da təbiidir. Amma hörmətli İlqar bəyin bir fikri xüsusilə qüsurlu idi. Məsələn, qeyd olundu ki, Rusiya küçə uşağı, Ukrayna isə QHT təfəkkürü ilə idarə olunur. Bununla da Cənab Məmmədov QHT-ləri öz düşüncəsində aşağılayaraq diplomatiyanı, siyasəti əlçatmaz səviyyədə qaldırır, QHT davranışını məsuliyyətsiz, qeyri-peşəkar adlandırır. Təəssüf ki, İlqar bəyin QHT barədə anlayışı səhv istiqamətdədir. Bizim hökumət QHT anlayışını ağac əkmək, qocalara kömək etmək qismində gördüyü kimi İlqar bəy də QHT sektorunu küyçü, məsuliyyətsiz, PRşik qismində görür. Halbuki Azərbaycanda bəlkə də yeganə sektordur ki, QHT sektoru məsələlərə strateji yanaşır, problemlərin kökünü fərdlərdə yox, idarəetmədə axtarır. Bu gün Real Partiyası da bəyənmədiyi QHT beyin məhsulunda qidalanır, öz proqramlarını bu "xammal" əsasında hazırlayır. Belə vəziyyətdə QHT təfəkkürünü kiçiltmək, əvəzində məmur təfəkkürünü şişirtmək kommunistlərin demokratlara münasibətindən fərqlənmir.

Politologiya, xüsusən də geosiyasət mənim sferam olmadığından proseslərə sadəcə vətəndaş fikrimi bildirmək istəyirəm. Əminəm ki, Ukrayna konstitusiyasında NATO-ya üzvlük olmasaydı belə Putin ora hücum edərdi, özü də məhz bu fevralda. Çünki Rusiya üçün açılmış bu pəncərə Putin üçün son şansdır. Putin də bu şansdan istifadə etmək qərarına gəldi. Nəticəsini isə çox keçməz görərik. Düşünürəm ki, Ukrayna nə etməlidirsə onu edir.
Ümid edirəm İlqar bəy növbəti çıxışlarda bir qədər korrekt olacaq.

Samir Əliyev-Media və İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü
Xəbəri paylaş