Newscenter.az.13.03.2022. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar sözsüz ki, Rusiya xalqına qarşı deyil. Bunu öz bəyənatlarında ABŞ Prezidenti Bayden və digər qərb liderləri səsləndiriblər. Bu sanksiyalar ünvanlı şəkildə bu gün Ukraynada müharibəyə qərar verən Rusiyanın hərbi-siyasi rəhbərliyinə və onun ətrafında olan oliqarxlara yönəlib. Bu gün Rusiya KİV-lərində gedən təbliğatda bu qarşıdurma Rusiya-Qərb qarşıdurması kimi təqdim olunduğundan və illərdir Qərb Rusiyada düşmən obrazında təqdim olunduğundan ruslar kütləvi şəkildə hələ ki, bu müharibəyə etiraz etmirlər.
Bu stereotip əslində soyuq müharibə dövründən qalıb. Sovetlər İttifaqında hər zaman belə bir təbliğat aparılırdı ki, Qərb və NATO Rusiya üçün düşməndir və Sovet İttifaqını ABŞ dağıdıb. Təbii ki, Sovet İttifaqının çökməsi keçmiş ittifaq xalqlarına həm iqtisadi və sosial baxımdan çox əzab yaşatdı, lakin Sovet İttifaqının dağılması Qərbin günahi deyildi. Bu imperiyanın çökməsi son illərdə İttifaq rəhbərliyinin apardığı səhv sosial-iqtisadi siyasətinin və ittifaq xalqlarının bir çoxunun bu sistemdə artıq yaşamaq istəməməsi səbəbi ilə bağlı idi.
Sovetlər İttifaqının dağılmasından 30 ildən çox zaman keçib və bu dövr ərzində yeni nəsil yetişib. Sovetlər İttifaqında formalaşan nəsildən fərqli olaraq bu yeni nəsil Qərbin, NATO-nun düşmən olması kimi propoqandalara və nağıllara daha inanmır, azad cəmiyyət və demokratik bir mühitdə yaşamaq istəyir. Həmin bu nəsil yeni texnologiyalar nəslidir, internet nəslidir, facebook və instagram nəslidir, Mcdonalds nəslidir-ümumiləşdirsək Qərb həyat tərzini yaşayan bir nəsil yetişib. Ən əsas məsələ də odur ki, bütün bu illər ərzində nə Rusiya, nə də post-sovet məkanında bu yaşam tərzinə bir alternativ yaradıla və ortaya qoyula bilmədi. Məhz Rusiyada Navalnının korrupsiyaya qarşı, azad və demokratik cəmiyyət uğrunda mübarizəsinə milyonlarla qoşulan və küçələrə çıxan gənclər məhz həmin bu nəsildir.
İndi bu həmin gənclər də Ukrayna xalqı kimi çox ciddi sınaq və məhrumiyyətlər qarşısındadır. Onların bir qismi özlərinin anlamadığı bir müharibəyə, öz din və slavyan qardaşına güllə atmağa göndərilib, digərlərini isə Qərbin ağır sanksiyaları qarşısında çətin iqtisadi və sosial bir həyat-böhran gözləyir.
Ola bilsin ki, Ukraynada müharibəni başladanlar onu bir müddət idarə edə bilsinlər, lakin ən çətin məsələ ölkənin öz daxilində yaranacaq yeni çağırışları dəf etmək olacaq....
Vüqar Əhmədov-politoloq