Newscenter.az.14.03.2022. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti İdarə heyətinin genişləndirilmiş toplantısı keçirilib. Toplantıda İdarə heyətinin üzvləri ilə yanaşı, Cəmiyyətin işçi qruplarının rəhbərləri, ölkəmizdə ürək və damar cərrahiyyəsinin mövcud olduğu aparıcı tibb müəssisələrinin məsul şəxsləri də iştirak edib.
Newscenter.az xəbər verir ki, toplantıda əvvəlcə AÜDCC-nin baş katibi Dr. Ramil Əliyev tərəfindən ötən dövr ərzində Cəmiyyətin fəaliyyətinə dair hesabat təqdim edilib. Bildirilib ki, Cəmiyyət həyata keçirdiyi yerli və beynəlxalq tədbirlərlə ölkəmizdə ürək və damar cərrahiyyəsinin inkişafına öz töhfələrini verib. 2004-cü ildə rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayan AÜDCC bu günə qədər 10-larla yerli və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, xeyriyyə aksiyaları təşkil edib, ürək və damar xəstəliklərindən qorunma, eləcə də bu xəstəliklərin müalicəsi üçün faydalı olan maarifləndirici broşürlər hazırlayıb. Cəmiyyət eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Dünyanın ən böyük ürək-damar cərrahları şəbəkəsi olan “CTSnet” platformasında, həmçinin Dünya Ürək Federasiyasında tam hüquqlu üzv kimi ölkəmizi təmsil edir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti üzvlərinin elmi fəaliyyətini dəstəkləmək, onlara yeni imkanlar təqdim etmək məqsədilə “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” adlı elmi jurnalın da nəşrinə başlayıb. Jurnal Azərbaycan Respublikası Prezideninin yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb və əczaçılıq elmləri üzrə məqalə dərc olunması tövsiyə olunan elmi nəşrlərin siyahısına daxil edilib. Həmçinin, indeksləşdirilmiş beynəlxalq şəbəkələrə (ULAKBİM, SCOPUS, Web of Science) üzvlük üçün təşkilati işlərə başlanılıb.
AÜDCC İdarə heyətinin sədri, prof. Dr. Kamran Musayev keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, ölkəmizdə səhiyyə sisteminin inkişafı üçün dövlətimiz tərəfindən aparılan ardıcıl və sistemli işlərə Cəmiyyət olaraq töhfə vermək istəyində olduqlarını bildirib. Prof. Dr. Kamran Musayev ürək və damar cərrahlarının həm fərdi olaraq, həm də Cəmiyyət daxilindəki fəaliyyətlərində həyata keçirilən dövlət səhiyyə siyasətinin yeni çağırışlarına müvafiq dəstək göstərmələrinin vacibliyini vurğulayıb.
Hesabat dinlənildikdən sonra Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin növbəti il üçün fəaliyyət planı müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müzakirələrdə Cəmiyyətin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Mehman