Newscenter.az.14.03.2022. Azərbaycanla İran arasında Anlaşma Memorandumunun imzalanması böyük siyasi, iqtisadi və regional əhəmiyyət daşıyan tarixi hadisədir.
Mürəkkəb və qeyri-sabit geostrateji proseslərin cərəyan etdiyi dövrdə Azərbaycanın belə bir əhəmiyyətli layihəni reallaşdırması Cənab Prezident İlham Əliyevin müdrik xarici siyasətinin göstəricisi olmaqla yanaşı həm də əsl diplomatiya dərsidir. Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra sülhsevər və humanist mövqeyi nümayiş etdirərək, ağır məğlubiyyətə uğramış Ermənistana sülh müqaviləsi və kommunikasiyaların qurulmasını təklif etsə də, Ermənistan tərəfi öz düşmənçilik xislətinə sadiq qalaraq müxtəlif bəhanələrlə prosesə mane olmuş, götürdüyü öhdəlikləri icra etməmişdir:
“Dalana dirənmiş Ermənistan yürütdüyü yarıtmaz siyasəti ilə mövcud vəziyyəti yenə də dəyərləndirə bilmədi. Nəticə etibarı ilə Ermənistan növbəti şansını itirməklə yanaşı, regional əhəmiyyətə malik olan böyük nəqliyyat dəhlizi layihəsindən də kənarda qalmış oldu”.
Eyni zamanda Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumu ölkəmizin regional və dünya miqyasındakı gücünün, Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasına və regionun inkşafı istiqamətində perspektivli layihələrin reallaşdırılmasına xidmət edən siyasət yürütməsinin göstəricisidir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanla İran arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edən anlaşma Memorandumu regionda əməkdaşlığa, tərəqqiyə, xalqların rifahına xidmət edəcək, iqtisadi, ticari, loqistik əlaqələrin genişlənməsi üçün əlverişli imkanlar açmaqla yanaşı Naxçıvanın blokadadan çıxmasına səbəb olacaq:
“Ümumilikdə Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumu istər regionun istərsə də Azərbaycanın hərtərəfli inkşafına öz töhfəsini verəcək. Bu mənada Anlaşma Memorandumu Azərbaycanın növbəti siyasi diplomatik qələbəsidir”.
Ruhiyyə