Newscenter.az.14.03.2022. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün hazırlanan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilmiş “Bizim böyük Qələbəmiz” adlı kitabın Yevlax rayonunda təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə keçirilən təqdimat mərasimində Şəhər İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin və Rayon Təhsil Şöbəsinin rəhbər şəxsləri və nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, müəllim, şagird və könüllülər iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bötövlüyü uğrunda həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, 44 günlük Vətən müharibəsi dövlətimizin şanlı tarixidir, Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün döyüş əməliyyatlarını yüksək səviyyədə və məharətlə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, uzun illər işğal altında qalan torpaqlarımızı azad edərək şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Elnarə Əzizova qeyd edib ki, bu gün təqdim edilən kitab ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan tarixi qələbəmiz barədə azyaşlı uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdəndir və məktəblilərimiz üçün faydalı olacaq bir vəsaitdir.
Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Elmir Həsənov uşaqlar üçün hazırlanmış bu nəşrin onlarda torpağa bağlılıq və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi istiqamətində aparılan təlim-tərbiyə prosesində müstəsna rol oynayacağını diqqətə çatdırıb.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Xaliq Əliyev, şəhər 3 saylı tam orta məktəbin direktoru Sevda Səmədova “Bizim böyük Qələbəmiz” kitabını nəsillərin görüşü kimi dəyərləndirərək, azyaşlı uşaqlar və gələcək nəsillərin Zəfər tariximizi daha yaxından öyrənmələrindəki əhəmiyyətini vurğulayıblar.
Sonra məktəblilər və mədəniyyət işçiləri Vətən müharibəsində qazanılan qələbəni özündə tərənnüm etdirən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirin davamı olaraq “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Yevlaxdakı orta təhsil müəssisələrində məktəblilərə "Bizim böyük Qələbəmiz" kitabı təqdim edilib, Vətən müharibəsindəki şanlı qələbəmiz barədə məlumatlar çatdırılıb.
Mehman