Newscenter.az.14.03.2022. Bir neçə gün bundan əvvəl ölkəmizdə aparılan islahatların davamı olaraq növbədənkənar seçkilər nəticəsində Altıncı çağırış Milli Məclisin formalaşdırılmasının 2 ili tamam oldu.
Həmin günlərə qayıdaraq xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verərək yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etdi. Bu, əslində, seçkilərin tanınması anlamını ifadə edirdi.
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixində keçirilən ilk iclasında çıxış edən Prezident İlham Əliyev yeni seçilmiş Milli Məclisin qarşısında dayanan vəzifələrdən danışdı. Həmin tarixdən ötən müddət ərzində Milli Məclis öz fəaliyyətini cənab Prezidentin tövsiyələri əsasında quraraq uğurla fəaliyyət göstərdi.
Qeyd etmək lazımdır ki, bütün siyasi qüvvələrin iştirakı ilə formalaşmış Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Hazırda müxalifət partiyalarının nümayəndələri Altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Bu fakt isə Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.
Ötən dövrdə müxalifət partiyalarının qeydiyyata alınması, iqtidar və müxalifət partiyaları arasında siyasi dialoq modeli ölkəmizdə siyasi iqlimin daha da stabilləşməsi ilə nəticələndi. Hakimiyyət tərəfindən atılan addımlar nəticəsində siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müsbət mənzərə ilə yadda qaldı. Çünki yeni dialoq modeli, müxtəlif fikirlərin müzakirələr vasitəsilə həll edilməsi istiqamətində müəyyən edilmiş tendensiya cəmiyyət üçün ictimai fayda kəsb edir.
Ötən 2 il ərzində Altıncı çağırış Milli Məclis Konstitusiya ilə üzərinə düşən səlahiyyətlərini uğurla həyata keçirdi. Pandemiya şəraitinə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görüldü. Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı keçirdikləri görüşlərdə Azərbaycanın Vətən müharibəsində qazandığı inamlı qələbə ilə öz ərazilərini Ermənistan silahlı birləşmələrinin işğalından azad etməsi, ərazi bütövlüyünü, ədaləti bərpa etməsi, işğalın nəticələrinin aradan qaldırılması üçün artıq irimiqyaslı proqramların icrasına başlamasını xarici ölkələrdəki həmkarlarının diqqətinə çatdırdılar. Deputatlar seçildikləri dairələrdə də fəallıq nümayiş etdirərək pandemiya qaydalarına uyğun şəkildə daim seçicilərlə təmasda oldular, şəhid ailələrini və qaziləri düşündürən məsələlərin həllinə dəstək verdilər.
Ötən dövrdə parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı da rolu artdı. Parlament hökumət üzvləri və xalqla sıx təmas şəraitində ölkə iqtisadiyyatını pandemiyanın mənfi təsirlərindən qorumaq məqsədilə iqtisadi sahədə bir sıra qanunlar qəbul etdi və mövcud qanunvericiliyə dəyişikliklər apardı. Bundan başqa, Altıncı çağırış Milli Məclis 2 illik fəaliyyəti dövründə ictimai-siyasi proseslərə operativ olaraq münasibətini bildirdi, ölkənin taleyüklü məsələlərinin həllinə öz səlahiyyətləri çərçivəsində töhfələr verdi.
Bütün bunları nəzərə alaraq, bu gün əminliklə deyə bilərik ki, Altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinin tərkib hissəsi olmaqla yanaşı, həm də aparılan islahatlara yeni təkan verdi.
Jalə Əhmədova-Milli Məclisin deputatı