Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimli, Arif Hacılı və onların trol dəstələrinin əsas məqsədi qəlbən Ukraynaya dəstək olmaq deyil



Newscenter.az.14.03.2022. Prosesin əvvəlindən deyirdik, yazırdıq ki, Əli Kərimlinin, Arif Hacılının və onların trol dəstələrinin əsas məqsədi qəlbən Ukraynaya dəstək olmaq deyil. Onlar üçün Ukrayna və Zelenski bir siyasi tapşırıqdır, missiyadır, hətta, daha dəqiq ifadə etsək, Soros tərəfindən verilmiş qrant layhəsidir. Ona görə də, sosial şəbəkələrdə bu qədər yalan-palan dolu təşviqat aparır, hətta Rəsulzadəni anmağı belə unudurlar.

Bir sözlə, cəbhəçilərin, müsavatçıların, milli şuraçıların saxta təşviqatının ideya əsasını Ukrayna deyil, birbaşa Azərbaycan hakimiyyətinə qarşı təbliğat təşkil etməsi artıq heç kəsdə şübhə doğurmur. Çünki, onlar özlərini bu dəfə də ifşa etdilər...

Çox uzatmadan deyək ki, başda Əli Kərimli olmaqla trol qrupları Zelenski ilə Prezident İlham Əliyevi müqayisə edib, üstünlüyü birinciyə verib, Azərbaycan Prezidentini ləkələməyə cəhdlər edirlər. İddia edirlər ki, guya Zelenski hər an bombalana biləcək Kiyevdə yaralılara baş çəkir. Bu məlumatın fonunda da Prezident İlham Əliyevin müharibə dövründə və ondan sonrakı müddətdə sərgilədiyi yüksək fəaliyyətə ləkə gətirməyə çalışırlar. Bununla da sosial şəbəkələr vasitəsilə ictimai rəyi çaşdırmağa, yalnış fikir formalaşdırmağa cəhd edirlər.

Amma qanmırlar ki, həqiqi LİDER şəhərlərini bombaladıb, əhalisini qırdıran deyil, müharibəni qısa zamanda qələbə ilə yekunlaşdırıb, cənnət yaradandır. Məhz, İlham Əliyev belə bir LİDERDİR. Əli Kərimli kimilərin məntiqindən belə çıxır ki, Azərbaycan 44 günlük Vətən müharibəsini Qarabağda deyil, Sumqayıtda, Lənkranda, hətta Bakıda aparmalı idi. Ermənistan təyyarələri, helikopterləri Bakını bombalamalı, dinc əhalimiz öldürülməli və belə bir vəziyyətdə Prezident İlham Əliyev xəstəxanaya gedib, yaralılara baş çəkməli idi. Burada məntiq haradadır? Bu qədər savadsız, cahil müqayisəni necə aparmaq olar axı? Bu adamlar başa düşmürlər ki, elə birbaşa Prezident İlham Əliyevin sayəsində müharibə 44 günə tam qələbə ilə yekunlaşdı. Bəlkə, xalqımız beynəlxalq mediada Azərbaycanın haqq işinin müdafiə olunmasında İlham Əliyevdən başqasını gördü? Bəlkə, xəbərimiz yoxdur, Əli Kərimlisi, Arif Hacılısı, Cəmil Həsənlisi xarici jurnalistlərin prokurorsayağı suallarını cavablandırdı? Hətta, bu adları çəkilən psevdoukraynaçıların başına bombaların yağmamasının, sağ qalmalarının belə səbəbkarı elə Prezident İlham Əliyev deyilmi? İlham Əliyev Ali Baş Komandan kimi müharibə aparanda Əli Kərimlisi, Arif Hacılısı, Cəmil Həsənlisi evlərində mürəbbəli isti çaylarını içib, sosial şəbəkələrdə Ordumuza ləkə atmaqla məşğul deyildilərmi?..

Doğrudur, Vətən müharibəsindən 2 ilə yaxın müddət keçir. Ola bilər ki, bu naqislər hadisələrin ictimaiyyətin yadından çıxdığını düşünsünlər. Ona görə də, bu cür qaralama kampaniyası aparmağa cürət edirlər. Amma unutmasınlar ki, bu gün hansı şəhid ailəsinin üzvlərini danışdırırsan, yalnız bir cümləni deyirlər: "Şükür ki, Azərbaycanda Ukraynada olanlar baş vermədi. Bunun da əsas səbəbkarı elə İlham Əliyevdir".

Bundan sonra yaxşı olar ki, kərimlilər, hacılılar, həsənlilər Azərbaycanın qələbəsini və Ali Baş Komandan İlham Əliyevi ləkələmək üçün Sorosun qrant tapşırıqlarını yerinə yetirərkən, yalnız pulu düşünməsinlər. Çünki, xalq da hər şeyi görür. Necə ki, məhz həmin xalq 1993-cü ildə Ermənistanla müharibəni Bakıda aparan Əli Kərimli və Arif Hacılı kimilərin hakimiyyətini iti qovan kimi qovmuşdu...

Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri
Xəbəri paylaş