Newscenter.az.14.03.2022. Naxçıvan MR-in Dövlət Gömrük Komitəsi daha bir narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb.
Newscenter.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, muxtar respublikanın ərazisindən tranzit keçməklə Bolqarıstana PVC xammalı aparan, İran vətəndaşının idarə etdiyi 63AA195/63AA196 dövlət nömrə nişanlı “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü tərəfində olan yanacaq çənində süni olaraq hazırlanmış, aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc yerindən, ümumilikdə 113 bağlamada xalis çəkisi 97,8 kiloqram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi açılıb.