Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi iştirakçısına hökm oxunub



Newscenter.az.14.03.2022. Samux rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Pərviz Xəlilova hökm oxunub və o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci il sentyabrın 6-da Samuxun Kolayır kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü P.Xəlilov həmkəndlisi, 2000-ci il təvəllüdlü Raqif Balakişiyevi şəxsi münasibətlər zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra P.Xəlilov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadə verən zaman törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkdiyini bildirib.

R.Balakişiyev isə dindirilərkən P.Xəlilovla barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını söyləyib.

Xatırladaq ki, P.Xəlilov Vətən müharibəsi ilə əlaqədar 2020-ci il sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinə çağrılıb, “N” saylı hərbi hissədə xidmət edib və həmin ilin dekabrın 31-də tərxis edilib.
Xəbəri paylaş