Newscenter.az.15.03.2022. Amnistiya Aktı 17 267 şəxsə şamil olunub.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilən ən geniş amnistiyadır.
Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.
Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5 971 məhkuma tətbiq edilib. Onlardan 2 710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3 261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8 559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5 722 məhkum cəzadan azad edilib, 2 837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 909, islah işləri cəzasına məhkum olunmuş 2 471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1 202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.
Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1 785 şəxsə amnistiya tətbiq edilib.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya Aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.