Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Xarıbülbülün sədası: Şuşa - 270” adlı festival keçirilib



Newscenter.az.15.03.2022. Paytaxtdakı 2 nömrəli Texniki - Humanitar Lisey və Şuşa şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə festival keçirilib.

Newscenter.az xəbər verir ki, festivalda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Rəsmiyyə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nigar Eyvazova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Festival iştirakçıları ilk olaraq liseyin fəaliyyətini əks etdirən stendlərlə tanış olub, məktəblilərarası breyn-rinq yarışını və hər iki təhsil ocağı şagirdlərinin hazırladıqları maraqlı təqdimatları izləyib, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Festival iştirakçılarını salamlayan 2 nömrəli Texniki - Humanitar Liseyin direktoru Fayaz Hüseynov Bakının ən qocaman məktəblərindən olan, fəaliyyətə başladığı ilk dövrlərdən dünyəvi məktəb kimi şöhrət qazanan, Azərbaycanın maarifpərvər ziyalısı “Həbib bəy Mahmudbəyovun məktəbi” kimi tanınan 135 yaşlı təhsil ocağının belə bir möhtəşəm festivala ev sahibliyi etməsini yüksək qiymətləndirib. Bildirib ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəb kimi fəaliyyətə başlayan Şuşa 1 nömrəli tam orta məktəbi ilə birgə həyata keçirilən festival təhsil ocaqları arasında imzalanmış birgə əməkdaşlıq sazişi çərçivəsində reallaşdırılmaqla bərabər, həm də “Şuşa ili”nə məktəblilərin töhfəsidir.

BŞTİ müdiri M.Vəliyeva xalqımızın milli dəyərlərini özündə əks etdirən Novruz bayramı ərəfəsində keçirilən “Xarıbülbülün sədası: Şuşa - 270” festivalını bu gün yenidən qurulan, əsil tarixi simasını bərpa edən mədəniyyət paytaxtımıza məktəblilərin bayram hədiyyəsi, həmçinin dövlət başçımız İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”nin Azərbaycan təhsili qarşısında qoyduğu vacib öhdəliklərin icrası kimi dəyərləndirib. Bildirib ki, məktəblilərin əfsanədən Zəfər simvoluna çevrilmiş Xarı bülbülə, bu il əsasının qoyulmasının 270 ili tamam olan Şuşaya həsr etdikləri festival gələcək nəsillərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə bağlılığının göstəricisidir.

İdarə müdiri bu qəbildən olan əməkdaşlığın əhəmiyyəti baxımından təhsil ocaqları arasında imzalanan birgə əməkdaşlıq sazişini ölkəmizin inzibati və mədəniyyət paytaxtları arasında uğurlu təhsil körpüsü adlandırıb.

Digər çıxış edənlər - BŞİH-in şöbə müdiri E.İmanov, Səbail RİH başçısının müavini K.Həşimova, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri R.Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi N.Eyvazova Bakı və Şuşa məktəblilərinin birgə əməyinin nəticəsi olaraq ərsəyə gələn festivalı milli-mədəni dəyərlərin təbliği, şagirdlərin yaradıcılıq potensialının nümayişi baxımından yüksək qiymətləndiriblər. Vurğulayıblar ki, təhsil ocaqlları arasında imzalanmış birgə əməkdaşlıq sazişi çərçivəsində reallaşan festival və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər qarşılıqlı təcrübə mübadiləsinə, şagirdlərin uğurlu nəticələr əldə etmələrinə öz töhfəsini verəcək.

Qeyd edək ki, 2 nömrəli Texniki - Humanitar Liseydə fəaliyyət göstərən dərnək üzvləri tərəfindən yaradılan sayt da Qarabağın, Şuşanın qədim tarixinin, zəngin mədəni irsinin, ermənilər tərəfindən məhv edilən tarix-mədəniyyət abidələri və s. haqqında məlumatlarla yaxın günlərdə məktəblilərin istifadəsinə veriləcək.

Festivalda məktəblilərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Festival liseyin həyətində ilaxır çərşənbəsi tonqalı ətrafında əyləncəli proqramla yekunlaşıb.
Xəbəri paylaş