Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-İran memorandumunu “erməni uğuru” kimi təqdim etmək dövlətə və xalqa xəyanətdir



Newscenter.az.16.03.2022. Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması Ermənistanda və erməni lobbisinin mirzələrinin təmsil olunduğu radikal müxalifət düşərgəsində şok effekti yaradıb. Bu effekt səbəbindən ermənilər geostrateji məğlubiyyətlərinə görə susur, qaragüruhçular isə verilmiş siyasi tapşırığa əsasən ətrafa cəfəngiyat səpməklə məşğuldurlar. Marginalların iddialarına görə, guya İran vasitəsilə Naxçıvana yol əvvəllər də olub və bu səbəbdən də memorandumun əhəmiyyəti yoxdur. Həmçinin, guya “Zəngəzur dəhlizi” bundan sonra açılmayacaq və bu da ermənilərin “uğurudur”.

Əvvala qeyd olunmalıdır ki, 10 noyabr 2020-ci il kapitulyasiya, eləcə də Moskva və Brüssel sənədləri ilə Ermənistan üzərinə kommunikasiyaların açılması barədə öhdəlik götürsə də, hələ ki bəlli səbəblərdən onları yerinə yetirməkdən yayınır və düşünür ki, perspektivdə sülh danışıqlarında Azərbaycana “Zəngəzur dəhlizi” üzərindən təzyiqlər etsin, güzəştlər əldə olunsun. Lakin Azərbaycan İranla memorandum imzalamaqla Ermənistanın bu planlarını iflasa uğratdı. Digər tərəfdən, Azərbaycanın İranla imzaladığı memorandum Ermənistanın İran və Gürcüstanla olan birgə nəqliyyat-enerji layihələrini də gündəmdən çıxartdı. Yəni, başa düşülən odur ki, Ermənistan gözlərini açmamış yenidən Azərbaycanın formalaşdırdığı kommunikasiya layihələrindən kənarda qaldı, təcrid olundu. Beləliklə də, yeni geosiyasi şərtlər çərçivəsində formalaşan dünya düzənində Ermənistanın regional “kommunikasiya hab”ı olmaq istəyi də beləcə dəfn olundu.

O ki qaldı “Zəngəzur dəhlizi”nə, o, Ermənistanın iradəsindən asılı olmayaraq, reallaşdırılacaq. Səbəb də odur ki, Ermənistan 10 noyabr 2020-ci il kapitulyasiya, Moskva və Brüssel bəyanatları üzrə öhdəliklər götürüb və bunu yerinə yetirməyə məcburdur. Digər tərəfdən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında “Zəngəzur dəhlizi” ön şərt olduğundan bu situasiyada da İrəvanın çıxış yolu yoxdur. Bir sözlə, istənilən halda “Zəngəzur dəhlizi” həyata keçiriləcək.

Qaragüruhçuların, xüsusilə də Əli Kərimlinin və trol dəstəsinin iddialarına gəlincə, bunu ancaq savadsızlıq, cahillik adlandırmaq olar. Çünki regionda və dünyada gedən prosesləri təhlil etmədən, xüsusilə də, bölgənin kommunikasiya imkanlarını öyrənmədən absurd iddialar irəli sürmək, həyasızcasına Azərbaycan-İran memorandumunu “erməni uğuru” kimi təqdim etmək yumşaq halda desək, dövlətə və xalqa xəyanətdir. “Zəngəzur dəhlizi”nin reallaşmayacağını sevincli halda və “şad xəbər” kimi yaymaq da elə cəbhəçilərin xain xislətinə uyğundur.

Bir məqamı da unutmayaq ki, Şərqi Zəngəzurdan Naxçıvana qədər təxminən 60 kilometrlik məsafədə avtomobil, dəmir yolu, enerji və rabitə xətlərinin yaradılması ilə həm muxtar respublikanın təcrid şəraitindən çıxarılmasına, həm də Ukraynada gedən müharibə səbəbindən Rusiyaya tətbiq olunmuş sanksiyalar və blokadalar şəraitində yeni kommunikasiya-nəqliyyat istiqamətlərinə yüksək ehtiyacın yarandığı bir zamanda tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətinin daha da artmasına səbəb olacaq. Bu mənada, şübhə yoxdur ki, Azərbaycan-İran memorandumu ilə regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliyi görmədən, bilmədən, öyrənmədən, kütlənin manipulyasiyası üçün nəzərdə tutulan iddialarla siyasi divident qazanmağa çalışmaq cəbhəçilərin xəyanətkar ruhunu isbatlayır. Azərbaycanın uğurlarını qısqanmaq, dövlətçiliyə düşmən mövqeyində olmaq, dövlətin və xalqın rifahına xidmət edən işləri bilərəkdən ləkələmək, qaralamaq da Əli Kərimli kimilərin düşmən hisslərindən irəli gəlir.

Bir sözlə, yaranmış vəziyyətdən belə aydın olur ki, Azərbaycan-İran memorandumu dövlətimizin və xalqımızın növbəti strateji uğuru olduğundan erməni lobbisi də, onun danışan dili, yazan əli radikal müxalifət də çox narahatdırlar. Bu narahatlıq da onların düşmən xislətini açıq şəkildə nümayiş etdirməyə məcbur edir. Dövlətin uğuruna kölgə salmağa çalışan qaragüruhçuları cəzalandırmaq isə ən yaxşı halda ictimaiyyətin üzərinə düşür...

Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri
Xəbəri paylaş