Newscenter.az.16.03.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Pakistan İslam Respublikasının Sind və Pəncab regionlarında nodulyar dermatit, Amerika Birləşmiş Ştatlarının Missuri, Cənubi Dakota, Merilend, Ayova ştatlarında, Polşa Respublikasının Malopolsk inzibati ərazisində və Nepal Federativ Demokratik Respublikasının Qandaki əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Pakistan İslam Respublikasının Sind və Pəncab regionlarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, həmçinin Amerika Birləşmiş Ştatlarının Missuri, Cənubi Dakota, Merilend, Ayova ştatlarından, Polşa Respublikasının Malopolsk inzibati ərazisindən və Nepal Federativ Demokratik Respublikasının Qandaki əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Pakistan İslam Respublikasından, Amerika Birləşmiş Ştatlarından, Polşa Respublikasından və Nepal Federativ Demokratik Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Sevinc