Newscenter.az.16.03.2022. Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist, Əməkdar jurnalist Səyyad Aranın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən İslahat könüllüləri ilə görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, görüşü giriş sözü ilə açan Mərkəzin nümayəndəsi Mətanət Rəsulova 2016-cı ildən İİTKM-in tərkibində yaradılan “İslahat Könüllüləri” Təşkilatı barədə məlumat verib. Bildirib ki, könüllü proqramının təsis edilməsində prioritet məqsəd gənclərin iqtisadi və analitik sahədəki mövcud potensialını üzə çıxarmaq və ondan səmərəli istifadə etmək, gələcək karyeraları istiqamətində onları doğru yönləndirmək və asudə vaxtlarını düzgün qiymətləndirmələrinə yardımçı olmaqdır. Daha sonra M.Rəsulova gəncləri Səyyad Aranın zəngin həyat yolu, böyük dövlətçilik təcrübəsi barədə məlumatlandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran İslahat könüllülərinə ətraflı məlumat verərək bildirib ki, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatının aparılması, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma, eləcə də ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması Komitənin əsas fəaliyyət istiqamətləridir. Eyni zamanda sədrin birinci müavini Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Ümummilli Liderin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafında müstəsna xidmətləri olub. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gəncləri təhsilə, elmə, mənəvi dəyərlərimizə daha da bağlı olmağa çağıran Səyyad Aran gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara dəyərli tövsiyələrini verib. Sonda S.Aran Dövlət Komitəsinin fəaliyyəti, eyni zamanda sədrin birinci müavininin yaradıcılığı ilə bağlı görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Gənclər də öz növbələrində zəngin həyat yolu keçən, böyük dövlətçilik təcrübəsinə malik ziyalı Səyyad Arana faydalı görüş üçün minnətdarlıqlarını bildiriblər.
Sonda S.Aran İİTKM-də yerləşən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olub.