Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Novruz birliyimizin simvoludur



Newscenter.az.16.03.2022. Qədim tarixi köklərə, zəngin mədəniyyətə, ənənələrə malik Azərbaycan xalqı yaratmış olduğu dəyərləri qorumaq və onun yolunda ölümə belə hazır olmağı tarixin bütün dövrlərində göstərə bilmişdir. Xalqımızın qoruyub yaşatdığı, məhv olmağa qoymadığı bu dəyərlər xalqımızı bir etmiş, bugünkü zəngin milli kimliyə sahib Azərbaycan millətini formalaşdırmışdır. Bizi biz edən, öz tariximizə bağlayan və gələcəyimizə ümidləndirən dəyərlərimizdən ən böyüyü Novruz bayramıdır desək səhv etmərik.

Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyunca bahar bayramını əziz tutmuşdur. Təbiətin oyanışını, varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı sadəcə şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Bu səbəbdən də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bu bayramı ən əziz bayramları kimi qeyd etmişlər.

Bu gün Novruz bayramını dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar böyük məhəbbətlə, əcdadlarına, el-obalarına, müstəqil Azərbaycan Respublikasına bağlılıq hissləri ilə qeyd edirlər.

Novruz bayramı qəlblərdə ən ülvi bəşəri duyğular oyadır, qonaqpərvərlik, səmimilik, xeyirxahlıq kimi yüksək mənəvi dəyərlərlə insanları bir-birinə daha yaxın və əziz edir, dünyanı, təbiəti və insanları yeniləşdirərək, könülləri qurub-yaratmaq əzmi ilə doldurur. Bu yaz bayramı öz gəlişi ilə gələcəyə inamla baxmaq əzmi gətirir, əcdadların ruhuna dərin ehtiramın gücü sayəsində qəlblərdə ümid çırağı yandırır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqa ünvanlanan ənənəvi Novruz təbriklərinin birində demişdir ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciətlərinin birində qeyd edir ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

Biz də bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini uca tutaraq onların qohum-əqrəbalarına ulu Tanrıdan səbr diləyirik. İnanırıq ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar olunması yolunda atdığımız hər bir uğurlu addım şəhidlərimizin ruhunu şad edəcəkdir.

Həbib Misirov,
YAP Kəlbəcər Rayon Təşkilatının sədri
Xəbəri paylaş