Newscenter.az.16.03.2022. Qazaxıstanda kütləvi həbslər davam edir. Tokayevin Rusiyanın bu ölkəyə müdaxiləsini əsaslandırmaq üçün dediyi 20 min "terrorçunu": tapmaq üçün ciddi axtarışlar gedir. Nazarbayevin Ərdoğan tərəfindən dəvət olunması hərarəti bir qədər də artırıb.
Onun Antalya səfərinin ardınca bacısı oğlu həbs olunub. "Terrorçuların" axtarışı ilə bağlı bu günlərdə verilən rəsmi açıqlamada isə deyilir ki, istintaq məxfi aparılır. Yəni, işgəncələr, şərləmələr ictimaiyyətin diqqətinə çatdırılmayacaq. Ölkənin hüquq-mühafizə orqanları hələlik cəmi 2 minə yaxın "terrorçu" aşkarlaya bilib, qalıb cəmi 18 minini "tapmaq".
Təbii ki, axtarışlar Rusiya Fsb-sinin təlimatları əsasında və onun müdrik rəhbərliyi altında həyata keçirilir.
FSB demiş, bu qurumun heç özünün də durumu həsəd aparılası deyil. Putin artıq onun bir neçə ciddi fiqurunu kənarlaşdırıb. Onlar ev dustaqlığına götürülüblər. Hələlik əlbəttə.
İndi Putin də Ukrayna biabırçılığını dövlət çevrilişi cəhdi adı ilə "oformit" edəcək. Proses başlayıb və bir müddətdən var gücü ilə işə düşəcək. Amma ən ağıllı Qurbanqulu çıxdı: öz sağlığında oğlunu prezident "oformit" elədi.
Qısası, dünyanın böyük bir hissəsi özünü siyasətçi, öz primitiv fırıldaqçı, dələduz əməllərini isə siyasət adlandıran bir ovuc yaramazın əlində girov qalıb.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri