Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusarda əkin və bağ sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır



Newscenter.az.16.03.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri görülür. Bu məqsədlə torpaq məcralı kanallar lil və kol-kosdan təmizlənir, beton kanalların ətrafında təmizlik işləri aparılır. Həmçinin torpaq məcralı kanallar beton üzlüklə əvəz edilir. Bu da öz növbəsində su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu ilə təmin etməyə imkan verir.

Vaxtında görülən meliorativ tədbirlərin nəticəsidir ki, ötən suvarma mövsümündə təsərrüfat sahibləri sahalərini suvarmaqda heç bir çətinlik yaşamayıblar. Fermerlərin su ilə təminatında subartezyan quyularının da xüsusi rolu var.

Onu da bildirək ki, son illər rayon ərazisində 41 subartezyan quyusu qazılıb. Onlar 9-u ötən il istifadəyə verilib. Cari ildə isə daha 3 subartezyan quyusunun istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qusar rayonunda 29 min 300 hektar suvarılan ərazi mövcuddur. Bu sahələr 1579 km uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır. Bu kanalların 1381 km-i torpaq, 187 km-i isə beton məcralıdır. Hazırda bağ və əkin sahələrinin su təminatının yaxşılaşdırılası məqsədi ilə rayonun Kuzunqışlaq kəndində elektrik nasos stansiyası inşa edilir. Nasos stansiyası istifadəyə verildikdən sonra qeyd olunan ərazidə suvarma təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq.

Sevinc
Xəbəri paylaş