Newscenter.az.16.03.2022. Ukraynanın Rusiya saldırısına və işğalına qarşı misli görünməmiş fədakarlıq nümunələri ilə zəngin müqavimət prosesi XXI əsrin canlı əfsanəsi və dünyanın möcüzələrindən biri sayıla bilər. Beyinlərdə dünya siyasi mənzərəsini, mövcud təsəvvürləri dəyişdirən stereotiplərin yerlə yeksan olması prosesi gedir. İllüziyalar dağılır, reallıqlar üzə çıxır. Adətən bir situasiyanı düzgün təhlil etmək üçün oradakı maraqları düzgün müəyyən etmək tələb olunur. Rusiyanın bu müharibəsi ambisiya, iddia müharibəsidir, dünyada fövqəl dövlət olmaq iddiasını ortaya qoymaq istəyidir. Ukrayna isə haqq savaşını, Vətən davasını aparır. Əslində, Putinin dünyanın seyrçi mövqeyi ilə Gürcüstana intervensiyası, Krımı və şərqi Ukrayna torpaqlarını rahat işğal etməsi onun özündən müştəbeh və strateti yanlış qərarına rəvac verdi. Blizkriq planında ukraynalıların ruslara loyal münasibəti zəminində Ukraynanı bütövlükdə ələ keçirməyin də eyni ssenaridə baş verəcəyi əsas götürülmüşdü. Lakin plan iflasa uğradı, rus hərb maşını haqdakı şişirdilmiş mif dağıldı və real acınacaqlı durum aşkara çıxdı.
Dünyada yazı nitqi meydana gələnə qədər şifahi nitq mədəniyyəti nümunələrinə əsasən həmin dövrdəki ictimai-iqtisadi-siyasi münasibətlərin forması, xalqın ona münasibətləri üzə çıxarılırdı. Məhz «Rusiyanın sərhədləri heç yerdə bitmir», deyən Vladimir Putinin ritorikası ilə də güman etmək olardı ki, bu mövqe savaşı an məsələsidir. Çünki, iddialar əməllərin təkanverici qüvvəsidir. Ona görə də, bu savaş məntiqi nəticədir. Bu olmalı idi.
Bu savaş müddətindən, gedişindən və nəticəsindən asılı olmayaraq Rusiyanın məğlubiyyəti, Ukraynanın qələbəsi ilə başa çatacaq. Ştrix olaraq qeyd edim ki, Ukrayna səmasının NATO qüvvələri tərəfindən tutulması çox riskli addımdır və buna gedilməməsi başadüqşüləndir.
Rusiya iqtisadiyyatının insanların rifahında əks olunacaq çöküşü sanksiyaların yarımparçalanma dövründən (divertikasiyasından, şaxələnməsindən) sonra başlayacaq.
Situasiya 90-cı illərdən tam fərqlidir. Həmin dövrdə Qərb Rusiyanı dirçəltməyə, onu demokratik məcraya yönəltməyə çalışırdı. Amma bu gün Rusiyaya inamı qaytarmaq elə də asan olmayacaq. Əksinə, Rusiyanın imperiya iddiaları və ambisiyaları bakteriyaların vegetativ formaya keçməsinə bənzəyir (spor əmələ gətirmək), yəni əlverişli situasiya yaranan kimi yenidən baş qaldıracaq. Ona görə də Rusiyaya sardıdıcı təsirlər tədricən üfüqdə görünəcək.
Rusofobiya və ksenofobiyanın əleyhinəyəm. Hədəf əslində Rusiya xalqı deyil, hakimiyyəti olmalıdır. İnsan beynində hansısa ideyanın, əqidənin əsasında dayanan fikirlər məcmusunun və emosional motivasiyaların formalaşmasında təbliğatın misilsiz rolu var. Rus cəmiyyəti bu gün məhz həmin psixoemosional mühitin təsiri altındadır. Lakin zaman həqiqətləri onlar üçün də ortaya qoyacaq. Bə bu nümunələr artıq var. Antimüharibə mitinqlərinə görə, Rusiyada qüzlərlə həbs olunan var. Bu gün Marina Ovsyannikovanın göstərdiyi fərdi şücaət (Ostankino telestudiyasında antimüharibə şüarının demonstrasiyası) bir əsgərin qızğın döyüş meydanında göstərdiyi şücaətdən geri almır.
Hər bir vəhşətdə, faciədə bir inkişaf rüşeymi gizlənir. Bu rüşeymin inkişafı isə adətən sonrakı proseslərdən asılı olur. Məhz Putin Rusiyasının Ukraynada apardığı insanlıq əleyhinə cinayətlər və bunlara qarşı bir xalqın misilsiz fədakarlığı, mütərəqqi dünyanın vahid mövqeyi prosesə faktiki olaraq dünyanın xilas modeli şansı qazandırmaqdadır.
Ukrayna torpağında baş verən hadisələr bəşər tarixinin ən şanlı səhifəsidir.
İnsanlığın və insan kimi yaşamağın taleyi bu gün Ukraynada həll olunur.
Ukraynanın yanında olaq və onun haqq işinə dəstək verək!
Adil Qeybulla