Newscenter.az.16.03.2022. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Suraxanı rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Newscenter.az-a "Azərsu" ASC-dən bildirilib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində fəaliyyət göstərən “Fiday” təhsil mərkəzinin içməli su və kanalizasiya sistemlərinə baxış keçirilərkən məlum olub ki, obyekt kommunikasiya sistemlərinə qanunsuz qoşulub. Başqa sözlə, obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib.
Dədə Qorqud qəsəbəsi yaxınlığında isə böyük ərazidə əkin sahəsinin qanunsuz çəkilmiş xətlə suvarıldığı aşkar olunub. Bu barədə məlumat daxil olan kimi, “Azərsu” ASC-nin əməkdaşları dərhal əraziyə baxış keçirib. Məlum olub ki, 400 mm diametrli magistral xəttin qamışlıq ərazisindən keçən hissəsindən 32 mm diametrli borularla gizli yolla çəkilmiş su xətləri ilə əkin sahələri suvarılırmış.
Rayon ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsində də qanunsuz istifadənin qarşısı alınıb. Ötən müddətdə Hövsan, Suraxanı və Zığ qəsəbələrində fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmaqla sudan sayğacdankənar istifadə edilblər. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
“Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 1291 fakt aşkarlanıb. Həmin hallar üzrə 344 min kubmetr həcmində sərfiyyat bərpa olunub. İlin əvvəlindən Suraxanı rayonunda aşkarlanmış 26 qeyri-qanuni istifadə faktının aşkarlanması nəticəsində 6 min kubmetr sərfiyyat bərpa olunub.
Sevinc