Newscenter.az.16.03.2022. Martın 16-da BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi ilə birgə təsis edilən və beynəlxalq Katibliyi Bakı şəhərində yerləşəcək İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar zəruri tərəfdaşlıqların qurulması məqsədilə virtual formatda konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, energetika nazirinin müavini Samir Vəliyev və İƏT-in baş katibi Xusrav Nozirinin açılış nitqləri ilə öz işinə başlayan tədbir çərçivəsində Təmiz Enerji Mərkəzinin yaranması və əsas fəaliyyət istiqamətləri barədə təqdimatlar dinlənilib, Mərkəzin fəaliyyəti üçün atılacaq addımlar və görüləcək işlər, Mərkəzin İƏT üzv-ölkələrinin bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində verə biləcəyi əlavə töhfələr barədə müzakirələr aparılıb və tərəfdaşlar üçün mövzu ilə bağlı izahedici sessiya təşkil edilib.
Tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin, müvafiq qurum və inkişaf agentliklərinin, eləcə də beynəlxalq təşkilat və maliyyə institutlarının nümayəndələri iştirak edib.
Xatırladaq ki, 27 noyabr 2021-ci il tarixində Aşqabadda keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında ölkəmizin İƏT Təmiz Enerji Mərkəzinə ev sahibliyi rəsmi şəkildə təsdiq edilib.
Sevinc