Newscenter.az.16.03.2022. Mədəniyyət Nazirliyi 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edib.
Nazirlikdən verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır.
Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.
Müsabiqənin şərtləri:
Heykəltaraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəl hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan heykəltaraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.
Mükafatlar:
Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat
İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat
Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat
Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat
Müsabiqənin müddəti:
Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcəkdir.
“Şuşa İli” elan edilməsi ilə bağlı keçirilən açıq heykəltaraşlıq müsabiqəsinin şərtləri
Təşkilatçılar: Mədəniyyət Nazirliyi