Newscenter.az.17.03.2022. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2022-ci ilin iş planına əsasən ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Newscenter.az xəbər verir ki, Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən imzalanan əmrə uyğun olaraq attestasiya imtahanı keçirilib.
Attestasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq keçirilib.
Attestasiya imtahanı iki mərhələdə agentliyin mərkəzi aparatının əməkdaşları və tabeliyindəki qurumlarının nomenklatur şəxsləri arasında keçirilib.
Attestasiyanın nəticələrinə uyğun olaraq, Agentliyin strukturunda müəyyən dəyişiklər edilib. Belə ki, attestasiyadan keçən işçilərin fəaliyyətinin yaxşılaşdırılması, həmçinin nəticələrə görə edilən ixtisas və vəzifə dəyişikliklərinə uyğun yeni struktur quruluşu və ştat cədvəli müəyyən edilib, işçilər arasında “Kiçik mütəxəssis”, “Mütəxəssis”, “Böyük mütəxəssis” və “Baş mütəxəssis” olaraq vəzifə bölgüsü aparılıb.
Edilən bu dəyişiklik təbii ki, Agentliyin əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi, əmək haqqının artırılması və gələcək inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sevinc