Newscenter.az.17.03.2022. Mərkəzi icra hakimiyyəti orqanları, digər idarəetmə qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 16 mart 2022-ci il tarixində Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Newscenter.az xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Şaatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Saatlı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Saatlı, Sabirabad və İmişli rayonlarından olan 38 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sevinc