Newscenter.az.17.03.2022. 15 mart 2022-ci il tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoymamərasiminin keçirilməsi mühüm tarixi hadisə olmaqla yanaşı ölkə iqtisadiyyatımıza bir çox töhfələr verəcək. 230 meqavat gücündə olan bu stansiya Azərbaycanın ixrac potensialının yüksəlməsində və ölkəmizin artan enerji tələbatının ödənilməsində böyük rol oynayacaq. Cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən bu layihə dünyanın nüfuzlu, məhşur və böyük təcrübəyə malik Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti tərəfindən icra olunacaq. Ölkəmizdə bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi, Azərbaycanın xarici sərmayə üçün cəlbedici və açıq ölkə olmasının göstəricisidir.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda çox böyük bərpaolunan enerji potensialı mövcuddur. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə də böyük bərpaolunan enerji potensialının olması dünyanın aparıcı enerji şirkətlərinin bu bölgəyə maraq göstərirməsinə səbəb olmuşdur:
“Artıq bu istiqamətdə ilk addımlar da atılıb. Hazırda BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar aparılır”.
Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır və dünyanın bir çox ölkələri Azərbaycan iqtisadiyyatına investisya cəlb etməkdə maraqlıdır – deyən Sədaqət Vəliyeva əlavə edib ki, hazırda dünya iqtisadiyyatında qeyri-sabitlik və böhran şəraiti hökm sürməsinə baxmayaraq, Azərbaycan dövləti tərəfindən bir sıra böyük iqtisadi layihələr icra olunur, dünyanın tanınmış şirkətləri ilə müqavilələr bağlanır, təməlqoyma mərasimləri keçirilir:
“Əlbətdə bütün bunlar ölkə başçımız, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətinin nəticəsidir. Bu müdrik siyasət Azərbaycanın inkişafının və gözəl gələcəyinin qarantıdır”.
Ruhiyyə