Newscenter.az.17.03.2022. Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin plenar iclası keçirilib.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva da sessiyada iştirak edib, “Sosial mənşələrə əsaslanan diskriminasiya ilə mübarizə” və “Gender əsaslı zorakılığın dayandırılmasında kişilərin və oğlanların rolu” mövzularında fikirlərini vaxt məhdudiyyəti səbəbindən yazılı formada qarşı tərəfə çatdırıb.
“Gender əsaslı zorakılığın dayandırılmasında kişilərin və oğlanların rolu” mövzusu üzrə fikirlərini komitə rəsmilərinin diqqətinə çatdıran Könül Nurullayeva ilk olaraq qeyd edib ki, Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə və qadınların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində hökumət və beynəlxalq təşkilatlar tərəfindən bir sıra layihələr və proqramlar həyata keçirilib. Eyni zamanda Azərbaycanda “Kişi və qadınların bərabərliyinin təminatları haqqında" Qanun qəbul edilib, Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya ratifikasiya edilib.
Millət vəkili gender əsaslı zorakılığın dayandırılmasında kişilərin və oğlanların rolu ilə bağlı təkliflərini də irəli sürüb.
Sessiya çərçivəsində deputat Könül Nurullayeva, “Sosial mənşələrə əsaslanan diskriminasiya ilə mübarizə” mövzusunda təkliflərini də yazılı formada komitəyə təqdim edib. Belə ki, ilk olaraq Avropa İnsan Hüquqları Konvensiyasının hər hansı bir əsasda ayrı-seçkilik olmadan hüquq və azadlıqların həyata keçirilməsini təmin edən 14-cü maddəsindən bəhs edib. Həmçinin bildirib ki, irqinə, rənginə, milli və sosial mənsubiyyətinə görə ayrı-seçkilik olmadan sivil, siyasi, iqtisadi, sosial, eləcə də mədəni hüquqlardan istifadəni təmin edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hələ 1996-cı ildə ratifikasiya edilib.
Könül Nurullayeva sosial mənşəyə əsaslanan ayrı-seçkilik probleminin aradan qaldırılması ilə bağlı bir sıra təkliflərini də irəli sürüb.
Ruhiyyə