Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taxılçılıqda mövcud durum və yazlıq əkinlərə hazırlıq müzakirə edilir



Newscenter.az.17.03.2022.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndə heyəti taxılçılığın mövcud durumu və yazlıq əkinlərə hazırlıqla bağlı bölgələrdə silsilə görüşlərə başlayıb. Görüşlərdə taxıl əkini sahələrinin mövcud durumu, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır. Fermerlərlə görüşlərdə nazirliyin yerli qurumlarının rəhbərləri, suvarma sistemləri idarələrinin nümayəndələri, yerli icra strukturunun rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər.

Newscenter.az xəbər verir ki, ilk görüşlər Cəlilabad və Biləsuvar rayonlarında keçirilib. Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına birbaşa təsir göstərir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Bu gübrə bitkiyə fiziki çəki hesabı ilə yemləmə şəklində bir hektara 200 kiloqram verilir. Aprel ayının ikinci yarısında isə kökdən kənar yemləmə formasında hektara 20-30 kiloqram olmaqla 200-250 litr suda həll edilməklə verilir. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır. Eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır ki, nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.

Nazirlik rəsmisi qeyd edib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq. Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vaxcibdir. Qlobal iqlim dəyişiklikləri bir çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmüş, xüsusilə də yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır. Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur. Bu səbəbdən fermerlər isti yay aylarında suvarma ilə bağlı yarana biləcək çətinlikləri sığortalamaq üçün sahələrin əkinə düzgün hazırlamalı, torpaqlar arata qoyulmalıdır.

Görüş zamanı yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu ildən pambığa görə yalnız məhsul subsidiyası veriləcək. Məhsul subsidiyasının qiyməti isə hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Əlavə olaraq şirkətlər pambığın fermerdən alış qiymətinin hər sorta görə 50 manat artırıblar. Məhsul subsidiyası almaq üçün fermerlərdən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd tələb olunmur. Lakin fermerlər pambığı hansı kateqriya torpaqda əkməsindən asılı olmayaraq öz əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməli, əkin sahəsinin koordinatlarını sistemə daxil etməlidirlər. Öz pambıq sahələrini sistemdə bəyan etməyən fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşmayacaq.

Fermerlər subsidiyaların ilin əvvəlində verilməsindən razılıq edib, dövlətin ayırdığı vəsaiti gübrə, pestisid, toxum kimi kənd təsərrüfatı istehsal vasitələrinə xərclədiklərini bildiriblər. Görüşlərdə fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Növbəti görüşlər Neftçala və Salyan rayonlarında keçiriləcək.

Sevinc
Xəbəri paylaş