Newscenter.az.17.03.2022. Gəncə şəhərində yerləşən İmamzadə Dini Kompleksində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü hacı Tahir Abbasov, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına hər zaman xüsusi önəm verir. Ölkəmizdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın birgə səyləri nəticəsində milli-mənəvi, ümumbəşəri dəyərlərin təbliği sahəsində böyük canlanma yaranıb. S.Heydərov bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımızın həmrəylik nümayiş etdirməsi, mənəvi dəyərlərimizin yüksək səviyyədə təbliğ olunmasının nəticəsidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik şücaətli Azərbaycan Ordusu, ən nəhayət, xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi. DQİDK-nın sədr müavini onu da deyib ki, Vətənin azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Vurğulayıb ki, istər dövlətimiz, istərdə də cəmiyyətimiz tərəfindən şəhid ailələrinin üzvlərinə və qazilərimizə böyük hörmət və ehtiram göstərilir. “Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. Şübhəsiz ki, bu Qələbənin əldə edilməsinin əsasında cənab Prezidentin uğurlu, praqmatik siyasəti, eləcə də xalqımızın həmrəyliyi dayanır”-, deyə S.Heydərov əlavə edib.
Sədr müavininin sözlərinə görə, dünyada dini zəmində baş verən münaqişələr kontekstində Azərbaycanda dini etiqad sahəsində möhkəm dayaqlara malik hüquqi mexanizmlər mövcuddur. Azərbaycanda din azadlığı prioritet məsələdir və onun qorunması ölkənin təhlükəsizliyinin başlıca qarantıdır. Respublikamız bütün dünyada tolerantlıq mərkəzinə, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformaya çevrilib.
Daha sonra çıxış edən Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk Azərbaycanın son illərdə siyasi, hərbi, mədəni və sosial sahələrdə əldə etdiyi uğurlara diqqəti çəkib. Diplomat bildirib ki, Azərbaycanın nailiyyətləri qardaş ölkədə böyük sevinclə qarşılanır.
QMİ-nin Qazilər Şurasının üzvü hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Natiqlər, eyni zamanda ölkəmizdə mövcud olan milli və dini həmrəylikdən danışıblar.
Mehman