Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Artıq ikinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını qalib xalq olaraq qeyd edir



Newscenter.az.18.03.2022. Artıq ikinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını qalib xalq olaraq, böyük təntənə ilə qeyd edir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 gün ərzində doğma torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla da Cənab Prezidentimiz İlham Əliyev, Ümummilli Liderimiz Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının ən böyük arzusunu həyata keçirmiş oldu. Eyni zamanda bu qələbə erməni vandalizminə məruz qalan işğaldan azad olunmuş ərazilərimizə zəfər ovqatlı bahar nəfəsi gətirdi.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövləti tərəfindən xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin dünya miqyasında təbliği istiqamətində bir çox işlər görülmüş, tədbirlər həyata keçirilmişdir:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti və böyük səyi nəticəsində Novruz bayramı, çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan dövlətləri də Novruz bayramı nominasiyasına qoşulmuşdur. Bu amillər bir daha sübut edir ki, Azərbaycan dövlətinin irəli sürdüyü beynəlxalq təşəbbüsləri dəstəkləyən ölkələrin sayı daim artmaqdadır.”

Dünya miqyaslı bəşəri mənəvi dəyərə çevrilən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” kimi elan olunmuşdur – deyən Sədaqət Vəliyeva əlavə edib ki,
dostluq, həmrəylik və yüksək mənəvi dəyərləri özündə cəmləyən Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar:

"Xalqımızın Ulu Öndəri Heydər Əliyev 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək öz çıxışında bu fikirləri demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Başda Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan xalqını qələbə ətirli Novruz bayramı münasibətilə təbrik edirəm, uzun ömür, can sağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram".

Ruhiyyə
Xəbəri paylaş