Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş qərargah rəisi qəfil Şuşa və Hadruta gedib



Newscenter.az.19.03.2022. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Şuşa və Hadrutda dislokasiya olunan bölmələrdə olub.

Bu barədə Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, döyüş növbəsinin gücləndirilməsi və digər fəaliyyətlər məşq etdirilib.

Baş Qərargah rəisi döyüş, fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Sonra general-polkovnik K.Vəliyev komando hərbi hissələrindən birində yaradılan şəraitlə tanış olub.

Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bir daha şəxsi heyətin diqqətinə çatdırıb.

General-polkovnik K.Vəliyev şəxsi heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra komandir heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.

Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun davam etdirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müvafiq göstərişlər verilib.
Xəbəri paylaş