Newscenter.az.19.03.2022. Ukrayna Türkiyənin mümkün təhlükəsizlik təminatçıları sırasına daxil edilməsinin tərəfdarıdır və Moskva buna etiraz etmir.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlardan sonra deyib.
Türkiyəli nazir Ankaranın əvvəldən Ukrayna-Rusiya böhranı ilə bağlı prinsipial mövqe tutduğunu vurğulayıb.
“Bu müharibədə axan qanı tez bir zamanda dayandırmaq lazımdır. Türkiyə rəhbərliyi bu istiqamətdə fəal səylər göstərir”, - nazir bildirib.
Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, Ankaranın Ukraynada hərbi əməliyyatlara son qoymaq səyləri Belarusdakı danışıqlarla paralel olaraq davam edir. Onun sözlərinə görə, Türkiyə tərəfinin Antalyada xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsü, daha sonra Moskva və Lvova səfərləri də bununla bağlı olub.
“Moskvada ümidvar olduğumu bildirdim ki, Ukrayna ilə bağlı növbəti görüşə ehtiyac aradan qalxacaq, çünki müharibə dayanacaq, bütövlükdə regionda sülh və sabitlik hökm sürəcək”, - Çavuşoğlu qeyd edib.
Türkiyənin xarici işlər naziri söyləyib ki, Rusiya və Ukraynaya səfərlərin nəticələri atəşkəsə ümidləri artırıb.
Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Rusiya və Ukrayna ilə dialoq kanalları açıq qalır, Ankaranın müharibənin dayandırılması məsələsində atdığı addımlar səmimidir.