Newscenter.az.20.03.2022. “Gənclər və İdman Nazirliyinin yeni loqosu sosial mediada geniş müzakirə obyektinə çevrilib. Müzakirələrdə emblemin sadəliyinə xüsusilə toxunulur. Dünya təcrübəsində bu tip loqolardan müxtəlif şirkətlər və dövlət qurumlarında artıq geniş istifadə olunur. Yəni, mənim əsas diqqətimi çəkən məqam onun sadəliyi deyil, loqoda qurumun fəaliyyətini əks etdirən hər hansı bir əlamətin olmamasıdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, qurumun məlumatına əsasən, loqo bir şəxsin seçimi olmayıb: “Çox güman ki, tender komissiyası tərəfindən seçilib. Bu loqo 100-ə yaxın işin içərisindən seçilib. Bu ən sadəsidirsə, görəsən, digərləri necə olub? Fikrimcə, sadə, eyni zamanda gənclər və idmana uyğun bir loqo seçilsəydi, daha məqsədəuyğun olardı. Digər vacib məqam isə ondan ibarətdir ki, hər bir qurumunun loqosunun üzərində ölkənin dövlət rəmzləri olan gerb və bayraq elementləri əks olunmalıdır. Təəssüf ki, yeni loqoda dövlət rəmzləri ilə bağlı nəsə qeyd olunmayıb. Həmçinin, həmin nazirliyin fəaliyyətinin iki istiqamət - idman və gənclərlə bağlı olduğu məlumdur. Lakin loqo və təqdim edilən videoçarxa baxarkən emblemdə gənclərə aid elementə rast gəlmədim. Əgər loqoda “AZE” abreviaturası ölkəmizi və idman sahəsini xarakterizə edirsə, bəs gənclərlə bağlı simvol niyə yoxdur?! Ona görə də emblemdə idmanla yanaşı, gənclərə aid elementin də əksini tapması yaxşı olardı”.