Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Qarnizonu Qoşunlarında bayram münasibətilə silsilə tədbirlər keçirilir



Newscenter.az.20.03.2022. Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.

Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət, mətbuat nümayəndələri və müharibə iştirakçıları şəxsi heyətlə görüşüblər. Tədbirdə çıxış edənlər şəxsi heyəti təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.

Çıxışlar zamanı bildirilib ki, ulu öndərimiz Heydər Əliyev tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsi olan Novruz ənənələrinin yaşadılması qayğısına qalaraq bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində işğal altındakı torpaqlarımızı azad edən Azərbaycan Ordusu həm də milli-mənəvi dəyərlərimizin əzəli yurd yerlərimizdə yenidən bərqərar olmasına şərait yaratdı. Artıq ikinci ildir ki, Novruz tonqalları Şuşada və işğaldan azad edilmiş torpaqlarımızda da alovlanır. Milli dəyərlərimizi və adət-ənənələrimizi təcəssüm etdirən Novruz bayramı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə bu qədim diyarda hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur. Naxçıvan Qarnizonu Qoşunlarında xidmət edən hərbi qulluqçular da Novruzu yüksək döyüş ruhunda qarşılayır, qədim Naxçıvanın müdafiəsində dayandıqlarına görə qürur hissi keçirirlər.

Ön xətdə keçirilən bayram tədbirində Şərur Rayon Mədəniyyət Sarayının “Şərur” Xalq Yallı Ansamblının üzvləri xalq oyun və tamaşaları ilə əsgərlər qarşısında çıxış ediblər. Hərbi hissənin bədii özfəaliyyət kollektivinin və Şərur Rayon Mədəniyyət Şöbəsinin “Arpaçay” İnstrumental Ansamblının üzvlərinin konsert proqramı ilə çıxışları şəxsi heyətdə xoş ovqat yaradıb.

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən bayram ovqatlı silsilə tədbirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən yaradıcı kollektivlərin iştirakı ilə davam edir.
Xəbəri paylaş