Newscenter.az.21.03.2022. "Mart ayının ikinci 10 günlüyündə yağan intensiv yağış nəticəsində ölkənin bir çox bölgəsində çaylarda sululuğun artması müşahidə edilib. Bu, xüsusilə Kürün aşağı axınında çayların sululuğunun yüksəlməsinə, Kürün su səviyyəsinin və su sərfinin artmasına şərait yaradıb".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, martın əvvəllərində Kürdə su sərfi 30 m³ saniyədən aşağı idisə, artıq 100 m³saniyədən yuxarıdır: “Bu da çayda yaranmış duzluluqla bağlı problemin xeyli azalmasına səbəb olub. Martın 1-ci yarısında olan güclü külək və dənizdə olan dalğalanma nəticəsində duzlu suların Kür boyu hərəkət edərək Salyan şəhəri və ondan yuxarıda duzluluğun 0,6-0,7 qr litrdən daha yüksək olub. Salyandan aşağıda isə 7-8 qramadək yüksəlməsinə səbəb olub. Yağıntılar nəticəsində sululuğun artması bu prosesin azalmasına səbəb olub. Kürdə suyun artması nəticəsində çayın sürəti də artmış, duzlu sular geri, dənizə doğru hərəkət etməklə çayda suyun duzluluğu xeyli azalıb. Kürün aşağı hissəsində duzluluq bir qram litr səviyyəsindədir ki, bu da su təhcizatında yarana problemlərin aradan qaldırılması üçün yaxşı şərait yaradıb".
R.Verdiyev bildirib ki, düşən yağıntılara görə yaxın aylarda çaylarda yüksək sululuqla bağlı problem olmayacaq: "Lakin iyun-iyul-avqust aylarında çaylarda gursululuq dövründə azalması nəticəsində bu problem yenidən yarana bilər. Buna hazır olmaq lazımdır. Bunun üçün sudan istifadə zamanı qənaətli istifadəyə yer verilməli, su itkilərinin qarşısı alınmalıdır. Kürün aşağı axınında götürülən suyun miqdarı kifayət qədər az olsun ki, bu kimi problemlər daha da kəskinləşməsin”.