Newscenter.az.22.03.2022. Rusiya ilə Ukrayna arasındakı müharibə bir aya yaxındır davam edir. Kremlin bu qədər çətinə düşməyi çoxlarını təəccübləndirib. Əksəriyyət elə bilirdi ki, Moskva bir neçə günə məqsədinə çatacaq. Elə Putin iqtidarı özü də buna inanırdı. Obyektiv və subyektiv məqamlar isə müharibənin uzanmasına səbəb oldu. Buna baxmayaraq, durum olduqca gərgindir. Rusiya qoşunları artıq Kiyevin yaxınlığındadır. Kreml hələ ki, Qərbin sanksiyalarına müqavimət göstərə bilər. Bu isə yeni təzyiq alətlərindən istifadəni gündəmə gətirir.
Hələ aylar əvvəl Əfqanıstanda hakimiyyət devriləndə və "Taliban" nəzarəti ələ alanda radikal qruplaşmanın üç dövlət üçün xüsusi təhlükə yaratdığı bildirilirdi. Onlar İran, Çin və Rusiya idi. "Taliban" ın bu dövlətlərə təhdid olacağı proqnozlaşdırılırdı. Maraqlıdır, Moskva üçün bunun vaxtı yetişibmi? Qərb Rusiyanı ram etməkdən ötrü "Taliban" kartından istifadə edə bilərmi? Düzdür, bu, qeyri- mümkün deyil. Lakin fikrimcə, belə bir ehtimal çox azdır.
Birincisi, kollektiv Qərbin belə bir fikri olsa idi savaşın 10-15- ci günlərində bunun siqnalları artıq hiss olunardı. Çünki Putin iqtidarının ambisiyası və iddiası nəinki indi, müharibənin ilk günlərindən bəlli idi. Görünür, Qərb özü də başa düşür ki, "Taliban" hələ Rusiya ilə mübarizə aparacaq gücdə deyil. Hazırda Ukraynada küçə döyüşlərindən daha çox, hava sahəsində müharibə müşahidə olunur. "Taliban" döyüşçüləri isə müasir texnikadan, demək olar, xəbərsizdirlər. Onlar küçə döyüşlərini daha yaxşı bacarırlar.
İkincisi, Qərbin Rusiyaya qarşı təzyiqləri sanksiyalar vasitəsilə davam etsə də, ABŞ və digər ölkələr gərginliyin daha çox artmasında maraqlı deyillər. Onlar yaxşı bilirlər ki, "Taliban" "kartı"ndan istifadə Rusiyanı daha aqressivləşdirəcək. Beləliklə, Kremli "cilovlamaq" məqsədilə atılan addım əks nəticə verəcək, Moskva daha da azğınlaşacaq, Üçüncü Dünya Müharibəsinin başlanması daha real təhlükəyə çevriləcək.
Ən mühüm məqamlardan biri də Türkiyə amilidir. Məlum olduğu kimi, Türkiyə müharibənin bitməsi üçün bütün səyləri ilə çalışır. Və hazırda "Taliban"ı dəstəkləyən əsas güclərdən biri bu dövlətdir. Deməli "Taliban" addım atmazdan əvvəl Ankaranın "xeyir- duasını" almalıdır. Qardaş ölkə isə heç vaxt buna göz yummaz, imkan verməz.
Nəhayət, əvvəllər də dediyimiz kimi, Qərb Rusiyanı tamamilə məhv etmək niyyətində deyil. Çünki bu halda Çinlə təkbətək qalacaq. ABŞ və müttəfiqlərinin istədiyi sadəcə Kremli zəiflətmək, nəzarət edilə bilən duruma gətirməkdir. Odur ki, Qərbin əlindəki bütün resurslardan, o cümlədən "Taliban" "kart" ından istifadə etməyə ehtiyacı yoxdur.
Beləliklə, ən azından hələlik belə bir həmlə gözlənilmir.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti