Newscenter.az.25.03.2022. “Birləşmiş Ştatlar Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə təmin etmək üçün Avropa və digər yerlərdəki tərəfdaşları ilə işləyir. Bundan əlavə, Vaşinqton müttəfiqləri ilə Kiyevin sahil müdafiəsi, o cümlədən gəmi əleyhinə raketlərlə təmin edilməsi perspektivlərini müzakirə edir, lakin Ukrayna tərəfi Amerikadan tankların tədarükü üçün müraciət etməyib”.
Newscenter.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“Mən konkret ölkələr və ya konkret sistemlər haqqında danışmayacağam. Bu iş gedir. Və təbii ki, bu sistemlərin lazımi yerə çatdırılmasını təmin etmək üçün bu işin effektivliyini qorumaq istəyirəm. Biz ukraynalılar və müttəfiqlərlə təmin edə biləcəyimiz sahil müdafiəsi və gəmi əleyhinə imkanlar barədə danışıqlar aparırıq. Bununla bağlı bəzi əməliyyat mürəkkəbliyi var. Amma bu, bizim sürətli inkişafı təmin etməyə çalışdığımız vektor və sahədir”, - Amerika liderinin müşaviri bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dan tankların verilməsini istəməyib: “Biz onun tanklarla bağlı istəyini eşitdik, mənim başa düşdüyüm kimi, ukraynalılar tank məsələsində konkret olaraq ABŞ-a deyil, bəzi başqa dövlətlərə müraciət ediblər”.