Newscenter.az.25.03.2022. Ukrayna da daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə yardım edən Azərbaycan, nə qədər yolunu azmış olsalar belə, Qarabağdakı cinayət törətməyən ermənilərin qayğısına qalacaq. Yetər ki, rus sülhməramlıları və Ermənistan tərəfi həmin ərazilərdən erməni silahlıları (yəni kimliyindən asılı olmayaraq əlində silah tutan istənilən ermənini) və texnikaları həmin ərazidən çıxarsın, cinayət törədən seperatçıları Azərbaycana təslim etsin, sərhədləri təyin edilməsi ilə paralel şəkildə sülh sazişinin hazırlanmasına başlasın.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Onun sözlərinə görə, bu baş verməyənə qədər nə Ermənistandakı, nə də Qarabağdakı "rəhbərlər" rahat nəfəs almayacaq:
"Bunun isə mənfi təsirlərini həm yerli əhali, həm də rus sülhməramlıları hiss edəcək. Fərrux və Pirlərin nəzarətimizə keçməsi əvəzində qaz xəttinin müvəqqəti açılmasını da istisna etmək istəmirəm. Əgər yerli erməni əhali davamlı qaz, su, yol və normal həyat istəyirsə, bunun bir yolu var ki, o da Azərbaycan pasportu daşımaqla qanunlarımıza tabe olmaqdan və ərazidəki silahlıları oralardan çıxarılmasını tələb etməkdən ibarətdir. Naxçıvana Mehridən keçəcək qaz xəttini Ermənistan daha erkən bərpa edərsə, bundən sonra Azərbaycan da Qarabağa gedən qaz xəttinin taleyinə daha uzunmüddətli aydınlıq gətirə bilər".
Ekspert deyib ki, bu məslələrin həlli Qarabağ və Ermənistan sakinlərindən daha çox asılıdır:
"Qaldı rus sülhməramlıları və seperatçı rejimin məhrəm münasibətlərinə, xatırladıram ki, kimsə Azərbaycan qanunlarından özünü yuxarıda və Azərbaycan torpaqlarında özünü olduğundan böyük görməli deyil. Əgər buna kimsə cəhd edərsə, onun himayədarları ilə birlikdə gözünü elə Fərruxun və ya Pirlərin göbəyində tökərik! Buna kimsənin şübhəsi olmasın!".
Mehman