Newscenter.az.26.03.2022. Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2022” keçiriləcək. 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Newscenter.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı- Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı- Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.
Yarışda iştirak üçün qeydiyyat martın 25-dən mayın 10-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu - 2022”nin saytına - www.marathon.az müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər.
Tələbələrin marafonda iştirakı üçün vəsaiti Heydər Əliyev Fondu ödədiyindən, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.
Mehman