Newscenter.az.26.03.2022. Rusiya görür ki, Azərbaycan müstəqil siyasət yürüdür. Ona görə də də belə bəyanatlar verərək gərginlik yaratmağa çalışır”.
Bunu TNS-ə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya Müdafiə Nazirliyinin son günlər Azərbaycanın Qarabağ bölgəsində - qanunsuz erməni silahlı dəstələrinin mövcud olduğu ərazidəki gərginliklə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Partiya sədri bildirib ki, 30 ildir, ermənilərə himayədarlıq edən işğalçı dövlətin işğalçı ordusu indi gəlib sülhməramlı adı altında Azərbaycanda nəsə etmək istəyir.
“Erməniləri elə sülhməramlıların özü qızışdırır, onlara dəstək verir. Rusiya Ukraynada uduzduğuna görə, yeni münaqişə ocaqları yaratmağa çalışır. Rusiya Müdafiə Nazirliyinin sonuncu açıqlaması Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Azərbaycan təcili buna öz kəskin etirazını bildirməlidir”, - Hafiz Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin bəyanatında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, həmçinin, iki ölkə arasında bu yaxınlarda imzalanmış strateji müttəfiqlik haqqında Bəyannaməyə zidd olaraq "Dağlıq Qarabağ", "Dağlıq Qarabağ silahlı birləşmələri" kimi ifadələrin işlədilməsi qəbuledilməzdir.
Partiya sədri deyib ki, həmişə olduğu kimi, Rusiya yenə də erməniləri qorumaq üçün dəridən qabıqdan çıxır. Ancaq Rusiyanın getdikcə zəiflədiyini, uduzduğunu bütün dünya görür. Rusiyanın müdafiə naziri Sergey Şoyqu özünü müdafiə eləsin, sonra gəlib Qarabağdakı ermənilərə qahmar çıxar.
“Düşünürəm ki, Azərbaycan Qərbə, Avropaya inteqrasiya olunmalı, Rusiyanın arzuları gözündə qalmalıdır. Biz heç vaxt Rusiyanın vassalı olmayacağıq. Rusiyanın sülhməramlı adı ilə Azərbaycana gələn işğalçı ordusunun ölkəmizdən çıxarılması üçün birlik nümayiş etdirməliyik. Bütün Azərbaycan xalqı, siyasi partiyalar Rusiya Müdafiə Nazirliyinin bəyanatına öz etirazını bildirməlidir”, - Hafiz Hacıyev əlavə edib.