Newscenter.az.26.03.2022. Rusiya Ukraynada müqavilə əsasında xidmət edən hərbçilərini itirir. Rusiyanın müharibəni davam etdirmək üçün əlavə canlı qüvvəyə ehtiyacı artıb. Buna görədir ki, Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə savaşan “könüllüləri” Rusiya tərəfdən Ukraynaya qarşı savaşmağa dəvət edib. Gələn xəbərlərə görə, Rusiya Gürcüstanın bir parçası olan Cənubi Osetiya və Abxaziyada saxladığı silahlı birliklərin bir hissəsini də Ukraynadakı müharibəyə cəlb edib. Rusiya Qarabağda yerləşdirdiyi hərbi qruplaşmanın da bir hissəsini Ukraynaya yönəldə bilərmi?
Rusiyanın Qarabağdakı hərbi kontingentinin bir hissəsini Ukraynaya göndərməsi və ya ümumiyyətlə bütün kontingenti ərazimizdən çıxarması Azərbaycanın maraqlarına cavab verir. Bu Ermənistan silahlı qüvvələrinin və əlində silah olan separatçıların Azərbaycan ərazisini tərk etməsini sürətləndirərdi. 44 günlük müharibədə ağır şəkildə məğlub olan Ermənistanın və yerli separatçıların Azərbaycanla yenidən savaşacağı ehtimalı azdır. Savaşmaq istəsələr belə nəticənin necə olacağı hamıya bəllidir.
Rusiya hərbçilərinin Qarabağdan çıxarılması Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanatın ruhuna da uyğundur. Bundan sonra Qarabağın tamamında, o cümlədən Xankəndidə Azərbaycan qanunlarının icrası təmin olunar, qanunlarımızla yaşamaq istəyən ermənilərin sosial problemlərinin həlli yoluna qoyular. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistanı da Qarabağ separatçılarına siyasi və maliyyə dəstəyi yükündən qurtararaq, İrəvanla Bakı arasında danışıqların axarına müsbət təsir edərdi.
Elxan Şahinoğlu-politoloq