Newscenter.az.26.03.2022. Mürəkkəb və qeyri-sabit geostrateji proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, mövcud əlaqələri daha dərinləşdirir, bir sıra əhəmiyyətli layihələr reallaşdırır. Ölkəmizin uzun müddətdir yüksək səviyyədə əməkdaşlıq etdiyi təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib:
“Təşkilatın Xarici İşlər Nazirləri Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən sessiyasında Ermənistanın təcavüzü və Xocalı soyqırımı ilə bağlı 4 yeni qətnamənin qəbul edilməsi ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı xüsusi əhəmiyyətə malikdir”.
Qəbul edilmiş qətnamələr, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında, saxta erməni təbliğatının qarşısının alınmasında böyük rol oynayacaq– deyən Sədaqət Vəliyeva əlavə edib ki, eyni zamanda bu qətnamələr beynəlxalq miqyasda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin və ölkəmizin İslam dünyasındakı nüfuzunun göstəricisidir:
“Əlbətdə bütün bunlar Ölkə başçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici və diplomatik siyasətin nəticəsidir”.
Ruhiyyə