Newscenter.az.26.03.2022. Nə erməni xalqının davranışlarında, nədəki Ermənistan rəhbərliyinin siyasi qərarlarında sabitlik, ardıcıllıq yoxdur. Ermənistanın baş naziri iki gün öncə növbəti dəfə Azərbaycan tərəfi ilə sülhün vacibliyindən danışdı, lakin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başlanacağının gözlənildiyi bir vaxtda həm Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində, həm də sərhəd məntəqələrdə yenidən gərginlik artmağa başlayıb. Belə ki, artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan sərhəddində və Qarabağda vəziyyət gərgin olaraq qalmaqda davam edir. Bütün bunların səbəbkarı da heç şübhəsiz ki, süni təxribatlara meylli olan Ermənistan tərəfidir.
Son günlər Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda qaz kəmərində baş vermiş qəza hadisəsi nəticəsində Xankəndidəki ermənilərin soyuq hava şəraiti ilə baş-başa qalması ilə əlaqədar ermənilərin əlinə girəvə düşüb. Ermənistanın rusiyapərəst müxalifəti, erməni KİV-ləri və ermənipərəst mövqeyi ilə seçilən bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti də Qarabağda yaşanan hadisələri bəhanə edərək Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar ki, bu da ilk növbədə ermənilərin maraqlarına xidmət edir.
Bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib bu yolla Azərbaycanın prinsipial mövqeyini dəyişdirməyə çalışır. O biri tərəfdən Xankəndidəki separatçı-terrorçu dəstələrin “rəhbər”i Arayik Arutyunyan Vladimir Putinə məktub yazaraq, Azərbaycanı şikayət edir, ondan kömək istəyir, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarının sayının və hərbi texnikanın artırılmasını xahiş edir. Eləcə də ABŞ Dövlət Departamenti və erməni lobbisi tərəfindən maliyyələşən “Human Rigtch Watch” təşkilatı süni hay-küy yaradaraq ermənilərə canfəşanlıqla dəstək verir.
ABŞ prezidenti Co Bayden Novruz Bayramı münasibətilə dövlət başçımız İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəsinin Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd etdiyi bir halda, nədənsə, Dövlət Departamentinin Qarabağda yaşanan hadisələrlə bağlı mövqeyi isə sırf ermənilərin mənafeyinə xidmət edir. Departament Qarabağdakı separatçı-terrorçu qüvvələrin fəallaşmasını, eləcə də Ermənistanın sülh prosesini ləngidən davranışlarını qınamaq əvəzinə, ənənəvi olaraq yenə də Azərbaycanı günahlandırır, rəsmi Bakıya təzyiq göstərməyə çalışır.
Azərbaycana qarşı qərəzli hesabatları ilə tanınan “Human Rights Watch” təşkilatı da fürsətdən istifadə edib ermənilərin “qaz şousu” ilə bağlı tökdükləri “timsah sayağı göz yaşı”ndan öz ənənəvi ampluasına uyğun istifadə etməyə cəhd göstərir. Belə ki, bu təşkilatın açıq-aşkar ermənipərəst mövqeyi ilə tanınan, Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia öz “Tvitter” səhifəsində son günlərdə ikinci dəfə Azərbaycanın nəzarət etdiyi ərazidən keçən qaz kəmərinə görə "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qaldığını" bildirib. Giorgi Gogianın bu “tvit”inin sifarişli xarakter daşıdığı göz qabağındadır.
Sözügedən qəzanın başvermə səbəblərini əsla nəzərə almadan bu cür qərəzli açıqlama ilə çıxış edən G.Gogia əslində bununla həm özünü, həm də təmsil etdiyi ədalətsiz təşkilatı ifşa edir. 30 il işğal altında qalan Azərbaycan torpaqlarında törədilən erməni vandalizmini görməzdən gələn, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin müsibətlərinə zərrə qədər də acımayan “Human Rights Watch”ın bu gün Xankəndidə “humanitar fəlakət”in yaşanmasından dəm vurmağa heç bir mənəvi haqqı yoxdur. Əgər “Human Rights Watch” beynəlxalq hüququn və ədalətin tərəfdarı kimi çıxış edirsə, o zaman buyursun, Xankəndidəki mülki erməniləri başa salsın ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini pozmur, sadəcə öz ərazi bütövlüyünü bərpa edib suverenliyimizi qorumağa çalışır və işğaldan azad edilmiş bütün torpaqlarda olduğu kimi, Xankəndiyə də qaz Azərbaycandan verilməlidir.
“Human Rights Watch” təşkilatı "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qalmağını" bəhanə edib aranı qızışdırmaqdansa, Qarabağdakı mülki erməniləri Azərbaycanın suverenliyini tanımağa, Azərbaycan vətəndaşlığına üstünlük verməyə səsləsin, onlara istiliklə və digər kommunal xidmətlərlə təmin edilmək üçün Rusiya və Ermənistandan kömək ummaqdansa, birbaşa Azərbaycan rəhbərliyinə müraciət etmələrini tövsiyyə etsin. Həmçinin ABŞ Dövlət Departamenti də eyni mövqedən çıxış etməli və Azərbaycanın suverenliyinə hörmətlə yanaşmalıdır. Bir sözlə, beynəlxalq təşkilatlar və həmsədr ölkələr ermənilərin “qaz şousu”na dəstək verməkdənsə, biraz da beynəlxalq hüquqa hörmət etməlidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri