Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Öhdəliklərinə əməl etməyən Ermənistana yox, Azərbaycana bəyanat?

Öhdəliklərinə əməl etməyən Ermənistana yox, Azərbaycana bəyanat?


Newscenter.az.27.03.2022. Təəssüflə qeyd etməliyik ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi fəaliyyətinə və kompetensiyasına aid olmayan, Azərbaycan Respublikasının süveren hüquqlarına və daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən bəyanat yayıb. Bətanatda Azərbaycan silahlı qüvvələri 10 (9) noyabr üçtərəfli bəyanatın tələblərini pozmaqda və sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmaqda ittiham olunur. "Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubu olaraq bəyan edirik:

1. 10 noyabr Bəyanatının aşağıdakı tələbləri bəyanata imza atan Ermənistan Respublikası və Rusiya Federasiyası tərəfindən mütəmadi və nümayişkəranə surətdə pozulur, yaxud icrası ilə bağlı heç bir addım atılmır:

- 10 noyabr Bəyanatının 4-cü bəndinin əsas tələbi - "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyinə əməl etmək əvəzinə, məlum bəyanatda "Dağlıq Qarabağ" silahlı birləşmələrin hərbi bölmələri" ifadəsi işlətməkdə hansı məqsəd güdülür?

- 10 noyabr Bəyanatının 7-bəndinin tələbi - "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır". Bəyanatın imzalanmasından ötən ilyarım müddət ərzində Ermənistandan ermənilərin Xankəndi və ətraf ərazilərə köçürülməsi işi ilə məşğul olan, 50 min erməninin Xankəndinə köçürülməsi haqda yalan məlumatlarını böyük nəticə kimi reklam edən Rusiya sülhməramlıları bu müddət ərzində bir nəfər azərbaycanlının Xankəndi, Xocalı, Xocavəndə qayıdışı istiqamətində səy göstəribmi?

- 10 noyabr Bəyanatının 8-ci bəndinin tələbi - "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".

Ermənistan tərəfinin açıq şəkildə əməl etmədiyi, Rusiya sülhməramlı qüvvələrinin birbaşa fəaliyyətinə aid olan bu öhdəliyin yerinə yetiriməsi istiqamətində hansı addım atılıb? Keçmiş komandan Rüstəm Muradovun Azərbaycanın humanist davranışlarından yararlanaraq erməni canilərini Yerevana daşımaqdan başqa hansı əməli iş icra edilib, 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilibmi, cinayətkar Ermənistana Rusiya və dünya tərəfindən bununla bağlı təziq edilibmi?

- 10 noyabr Bəyanatının 9-cu bəndinin - "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir", tələbinə əməl edilirmi?

2. 11 yanvar və 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliyə əməl etməməsinə görə Ermənistana bəyanat ünvanlanıbmı? 11 yanvar Bəyanatının 2 və 4-cü bəndlərinin, 26 noyabr Bəyanatının tələblərinə Ermənistan tərəfindən əməl edilməsi ilə bağlı hər hansı təsirli addım atılıbmı? Xatırlatmaq yerinə düşər ki, hər üç bəyanatın tələblərinin icrsına nəzarət prezident Putinin imzası ilə Rusiya Feferasiyasının üzərindədir.

3. Rusiya Federasiyası Müdafiə Nazirliyi məlum bəyanatı hazırlayarkən 22 fevral Moskva Bəyannaməsini və tərəflərin öhdəliyini xatırlamağı unudubmu? MN-nın bəyanatı ilk növbədə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin ruhuna və tələblərinə ziddir, Rusiya Federasiyası prezidentinin imzasına hörmətsizlikdir. Bəyanatın preambulasında, 1-ci, 11-ci və 18-ci bəndində əksini tapan öhdəliklərin birtərəfli qaydada pozulması, Azərbaycanın daxili işlərinə kobud müdaxilə, suveren hüquqlarımıza hörmətsizlik və həm də beynəlxalq hüquqla cinayət hesab olunan separatizmin dəstəklənməsinə cəhddir.

Rusiya Federasiyası Müdafiə Nazirliyini ən qısa zamanda məlum bəyanatını geri çəkməyə çağırırıq. Hesab edirik ki, hazırkı gərgin beynəlxalq proseslər fonunda Rusiya tərəfindən atılmalı olan ən düzgün addımlardan biri olar. Bu addımın atılması ilə Rusiya Federasiyası beynəlxalq hüququn tələblərinə və üzərinə götürdüyü öhdəliklərə əməl etdiyi nümunəsini də formalaşdırmış olar.

Anar Əliyev,
"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq
Xəbəri paylaş