Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran sükutu pozdu

Tehran sükutu pozdu


Newscenter.az.27.03.2022. Rusiyanın "Novaya qazeta” nəşrinin məlumatına görə, Rusiyaya bağlı "Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) nümayəndələri Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası "Hizbullah” (dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır) ilə yaraqlıların Ukraynaya göndərilməsinə dair razılığa gəlib. Belə ki, razılaşmaya görə 800 "Hizbullah” döyüşçüsü Ukraynaya döyüşmək üçün göndəriləcək. Hətta martın 29-da 200 "Hizbullah” muzdlusunun Rusiya tərəfində Ukrayna ilə müharibə üçün Belarusa göndərilməsi planlaşdırılır.

Hizbullahın müharibəyə qoşulması

Prinsip etibarilə Hizbullahın gec-tez Ukrayna-Rusiya müharibəsinə bu və ya başqa formada Kreml tərəfindən qoşulacağı bəlli idi. Xüsusilə ABŞ tərəfi bu iddianı tez-tez dilə gətirirdi. Hətta rəsmi Vaşinqton Hizbullahın Rusiya-Ukrayna müharibəsində Kremlə ehtimal dəstəyinin qarşısını almaq üçün qruplaşma ilə əlaqəsi olan 3 Livan vətəndaşını və 10 şirkəti sanksiya siyahısına daxil etmişdi.

Digər bir maraqlı faktda Hizbullah lideri Həsən Nəsrullahın bir müddət öncə “Əl Məyadin” telekanalına açıqlamasında “Hizbullahdan heç kim - döyüşçü və ya mütəxəssis müharibənin getdiyi yerdə yoxdur” açıqlamasını verməsidir. Prinsip etibarilə Nəsrullah bu açıqlamanı boşuna verməyib. Çünki bir müddət öncə Ukrayna Baş Qərargahı Rusiyanın hərbi əməliyyatlara Bəşər Əsədin muzdluları ilə yanaşı, Hizbullah döyüşçülərini də cəlb etdiyini bildirmişdi. Yəni buradan belə bir qənaətə gəlmək olar ki, Hizbullah qeyri-rəsmi də olsa bir müddətdir Ukrayna-Rusiya müharibəsində Kreml tərəfindən Əsəd qüvvələri tərkibində döyüşür. "Vaqner” nümayəndələri ilə "Hizbullah” qruplaşması arasında əldə edilən son razılaşmadan sonra isə hərəkatın birbaşa Kreml tərəfindən Ukrayna müharibəsində döyüşəcəyi rəsmiləşdi.

"Hizbullah”ın artıq Suriyanın Hums əyalətinin Quseyr şəhərində səfərbərlik bürosu açmaq xəbərləri də yayılıb. Bundan əlavə, Suriyanın Hələb, Yəbrud və Seyyidə-Zeynəb şəhərlərində "Hizbullah” yaraqlılarını səfərbər etmək üçün üç əlavə şöbə açılıb. Dördüncü şöbə isə Livanın paytaxtı Beyrutda açılıb.
"Hizbullah” yaraqlılarının Ukraynaya göndərilməsinin birinci mərhələsi martın 29-u çərşənbə axşamına planlaşdırılır. 200 muzdlunun Dəməşqdən Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürüləcəyi iddia edilir.

Üzdə Hizbullah, pərdəarxasında isə Tehran!

Hizbullahın qısa müddət ərzində həm Suriyanın Hums, Hələb, Yəbrud və Seyyidə-Zeynəb şəhərlərində səfərbərlik bürosu açması, həm də martın 29-u 200 muzdlunun Dəməşqdən Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürülməsi diqqət çəkir.

Hizbullahın belə qısa zamanda təşkilatlanması maliyyə resursu əldə etməsi və 200 muzdlunu Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürülməsi mümkün deyil. Mümkündür ki, Hizbullah bu hazırlığı həftələr öncədən görüb.

Bu zaman belə bir sual yaranır: Hizbulaha əmr hardan gəlib?

Aydın məsələdir ki, "Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır. Bu terror təşkilatının əsas hərbi və maliyyə dəstəkçisi isə İrandır. Hizbullah rəsmi Tehranın Yaxın Şərqdə “Şiə hilalı” layihəsi çərçivəsində dəstəklədiyi radikal hərbi siyasi birləşmələrdəndir. Mümkündür ki, Hizbullaha gələn təlimat da məhz Tehrandan gəlib.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya son səfəri sonrası Hizbullahın belə bir qərar verməsi də bunu təsdiqləyir. Məsələ ondadır ki, səfər çərçivəsində Rusiya ilə İran arasında gizli anlaşma əldə edildiyinə dair xəbərlər mövcuddur.

Aydındır ki, İran Moskvanın yeni nüvə anlaşmasını canlandırmasını dəstəkləməsi müqabilində Qərbin sanksiyalarından yan keçməkdə Rusiyaya kömək edəcəyinə söz verib. Qərbin sanksiyalarından yan keçməkdə Rusiyaya kömək isə görünür məhz Hizbullah üzərindən baş tutacaq.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş