Newscenter.az.28.03.2022. Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi şəkildə elan etdi ki, Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Yəni Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əksolunan məqamlar həqiqətə uyğun deyil.
Rusiya Federasiyası Müdafiə Nazirliyi iddia edirdi ki, atəşkəs guya Azərbaycan tərəfindən pozulub. Əvvəla onu deyim ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın nədəsə ittiham etməsi doğru deyil. Hər şeydən əvvəl bu 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin birinci bəndinin kobud şəkildə pozulmasıdır.
Digər tərəfdən hərbçilərimizin Azərbaycan ərazisində atdığı bütün addımlar beynəlxalq hüquqa və 10 noyabr bəyanatına uyğundur. Bunu rəsmi Moskva da yaxşı bilir. Kremlin belə bir qərəzli bəyanat yaymasına gəldikdə isə əlbəttə bu səbəbsiz deyil.
Kremlin məqsədi
Birincisi, görünür Azərbaycan ordusunun geri çəkilməməsi Kremli sözün əsl mənasında pərt edib. Regionda və ümumlikdə dünyada özünü davakar uşaq kimi aparan Rusiya Bakının bu cavabını regiondakı mövqeyi baxımından qəbuledilməz sayır. Düzdür, Azərbaycanın məqsədi Kremli qəzəbləndirmək olmasa da görünür şimal qonşumuz bu bəyanat ilə regionda söz sahibi olduğunu göstərməyə çalışır.
İkincisi, ən az region ölkələri kimi rəsmi Moskvada hazırda balanslaşdırılmış siyasət yeridir. İlk başda qəribə səslənsə də Ukraynaya gözünü qırpmadan müharibə elan edən Rusiya Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında balansın pozulmasını istəmir. Bunun əsas səbəbi də Ermənistan ilə bağlıdır. Rəsmi İrəvan onsuz da fürsət gözləyir ki, Rusiyanı arxadan vurub Qərbə inteqrasiya etsin. Bunu bilən Kreml də Ermənistan nəzdində "böyük qardaş" imicinin zədələnməməsi üçün bu belə addımlar atır.
Üçüncüsü, atılan bu addımın bir məqsədi də şübhəsiz Azərbaycan daxilində çaxnaşma yaratmaqdır. Moskva yaxşı bilir ki, Azərbaycan ictimayəti rus mediasını yaxından izləyir və bir o qədər də etibar edir. Digər tərəfdən Moskvanın bu əməlinə canla-başla xidmət edən qüvvələr də çoxdur. Daxildəki 5-ci kalonun nümayəndələri Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasını əlində bayraq edərək düşmən dəyirmanına sözün əsl mənasında su tökməkdən geri durmur.
Nəticə etibarilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlaması həqiqətə uyğun olmasa da Azərbaycan MN-nin reaksiyasını vaxtında verdi. Rusiya tərəfinin bu kimi açıqlamaları yəqin ki, bundan sonra da olacaq. Çünki bu kimi addımlar atılmasa ermənilər sakitləşməyəcək və gec-tez özlərinə yeni ağa arayışına girəcək. Daxildəki 5-ci kalonun nümayəndələrinə gəldikdə isə onlar bir daha kimlərə xidmət etdiyini göstərmiş oldu.
Turan Rzayev-siyasi ekspert