Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bildirçin ətinin faydaları

Bildirçin ətinin faydaları


Newscenter.az.28.03.2022. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə bildirçin ətinin tərkibi və faydaları haqqındadır.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, bildirçin Şərq təbabətində uzun müddət xəstəliklərin müalicəsində istifadə olunub, hazırda da spesifik dadına görə “delikates” qida məhsulu kateqoriyasına aid edilir. Dietik qida məhsulu hesab edilən bildirçin əti qəhvəyi çalarlı, yumşaq konsistensiyalı və şirəlidir. Ətin qəhvəyi çalarlı olması tərkibində dəmir birləşmələrinin çoxluğu ilə əlaqələndirilir. Toyuq əti ilə müqayisədə yüksək enerji dəyərinə malik olan 100 qram bildirçin ətinin enerji dəyəri 229 kkal təşkil edir. Bu ətin 25-27%-i quru maddə, 21-22% - i zülal və 2,5-4,0% - i yağlardan ibarətdir. Bildirçinin zəngin protein tərkibi demək olar ki, əvəzolunmaz aminturşu dəstini özündə cəmləşdirir. Doymuş yağ turşularının (laurin, miristin, pentadekan, palmitin, stearin və b.) miqdarı digər quş əti növləri ilə müqayisədə daha azdır. Mono və polidoymamış yağ turşularından olein (C18:1), linol (C18:2), linolen (C18:3) və araxidon (C20:4) turşusuna rast gəlinir. Orqanizmdə hormonal və endokrin sisteminin modulyatoru kimi əhəmiyyət kəsb edən araxidon turşusunun miqdarı digər quş əti növləri ilə müqayisədə bildirçin ətində üstünlük təşkil edir. Toyuq, hind quşu, qaz və ördək ətləri ilə müqayisədə bildirçin makro ( Na, K, Ca, P, S, Fe və s.) və mikroelementlər, o cümlədən A, B1, B2, PP, D, E vitaminləri ilə zəngindir.

Bildirçinin başlıca faydalarına gəlincə, mərkəzi sinir sistemi və ürək fəaliyyətinə müsbət təsir göstərən kalium ehtiva edir, tərkibində olan biokalsium və biofosfor orqanizmdə sümükləri möhkəmləndirir və yaşlılarda osteoporozun qarşısını alır. Bundan əlavə, dəmirlə zəngin olduğu üçün qanazlığına qarşı mübarizədə, o cümlədən qanda hemoqlobinin miqdarının tənzimlənməsində əhəmiyyətlidir, maddələr mübadiləsinin normallaşması üçün zəruri olan kükürd və fosfor kimi elementlərin mənbəyidir. Tərkibində olan PP vitamini qanın mikrosirkulyasiyasının tənzimlənməsində iştirak edir, D vitamini ilə zəngin olması raxit rəstəliyinin qarşısının alınmasında spesifik qida növü kimi əhəmiyyətini artırır. E vitamini ilə zəngin olduğundan erkən qocalmanın qarşısını alır, eyni zamanda dəri hüceyrələrinin bərpasında stimullaşdırıcı təsir göstərir. A vitamininin hesabına isə göz xəstəliklərinin müalicəsi və profilaktikasında əhəmiyyətlidir, mədə-bağırsaq traktı, ürək-damar, tənəffüs sistemi və qaraciyər xəstəliklərinin müalicəsində müsbət rol oynayır.

Bildirçin əti də sanitar-gigiyenik qaydalar çərçivəsində tədarük və istehlak olunmalıdır.

Sevinc
Xəbəri paylaş