Newscenter.az.28.03.2022. Martın 26-da Rusiya Müdafiə Nazirliyi tərəfindən verilmiş, təhriflərə və yalan informasiyalara əsaslanan açıqlama heç bir həqiqəti əks etdirmir. Rusiya Müdafiə Nazirliyi tərəfindən belə bir rəsmi açıqlamanın verilməsi təəssüf hissi doğurmaqla yanaşı, Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinə də ziddir.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatda öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirsə də, Ermənistan tərəfində bunun tam əksinin şahidi oluruq. Ermənistan tərəfi 10 Noyabr bəyanatının 4-cü bəndinə zidd olaraq terrorçu erməni silahlı qruplaşmalarını Azərbaycan ərazisindən tam olaraq çıxarmayıb:
“Götürdükləri öhdəlikləri icra etməkdən boyun qaçıran Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan ərazisində heç bir separatçı, silahlı dəstələrə yer yoxdur və Azərbaycan öz suveren ərazilərini bütün terrorçulardan təmizləyəcək”. Eyni zamanda Qarabağda erməni seperatçılarının mövcudluğu bir daha Ermənistan tərəfindən 10 noyabr bəyanatınının kobud şəkildə pozulması ilə yanaşı regionda sabitliyin və sülhün təmin olunmasına təhdiddir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, yaxşı olardı ki, rəsmi İrəvan prosesləri ləngitmək və təxribatlara əl atmaq əvəzinə yaranmış tarixi şansı dəyərləndirsin: “Mövcud iqtisadi, siyasi, sosial böhrandan Ermənistanın yeganə xilas yolu regionda sabitliyin qarantı olan Azərbaycanla əlaqələrin normallaşdırılmasıdır. Əks halda Ermənistandakı mövcud böhran daha da dərinləşəcək və Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında düşəcək”.
Ruhiyyə