Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Taxıl Fondu kimə və nəyə lazımdır?

Dövlət Taxıl Fondu kimə və nəyə lazımdır?


Newscenter.az.29.03.2022. Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru bildirib ki, Ukraynadakı hərbi münaqişənin nəticələrinə görə yaxın gələcəkdə dünya ərzaq qiymətləri 8-22 faiz arta bilər. FAO Ukraynada 2022-23-cü kənd təsərrüfatı ilində yazlıq dənli bitkilərinin sahələrinin 20-30 faizinin əkilməmiş və bir o qədər də payızlıq taxılın biçilməmiş qalacağını proqnoz verib. FAO-nun Baş direktoru onu da bildirib ki, hazırkı münaqişə həm Rusiya, həm də Ukraynadan buğda ixracının qəfil və kəskin şəkildə azalmasına səbəb ola bilər. Digər ixracatçıların bu boşluğu doldura biləcəkləri hələlik bəlli deyil. O, hesab edirki, Kanadada buğda ehtiyatları artıq tükənmək üzrədir və hökumətlərin cəhd etdiyi kimi ABŞ, Argentina və digər ölkələrdən ixracın məhdudlaşdırılması ehtimalı var. FAO-nun Baş direktorun sözlərinə görə, münaqişədə iştirak edən hər iki ölkədən taxılın 30 faizindən çoxunu alan ölkələrin ən azı yarısı ərzaq problemi ilə üzləşəcək. Əsasən bunlar Asiya, Afrika və Yaxın Şərq dövlətləridir ki, onların çoxunda artıq aşağı gəlir səviyyəsi var və bütün əlamətlərə görə inkişaf etməkdə olan ölkələr kimi təsnif edilə bilər. FAO-nun məlumatına görə, dünyada kifayət qədər qidalanmayan insanların ümumi sayı bu il və gələn il ən azı səkkiz milyon nəfər arta bilər. Bununla əlaqədar olaraq təşkilat kənd təsərrüfatı məhsulları və ərzaq tədarük edən böyük ölkələrdən ixraca məhdudiyyətlər qoymamağı və ya ləğv etməyi xahiş edir.

Keçən həftənin ortalarında Avropa və Amerika qitələrinin birjalarında buğda kotirovkalarının trendində dəyişiklik baş verdi. Buğda müqavilələri azalmağa doğru getdi. Həmin ərəfədə Londonda buğdanın qiyməti 1,5%, Parisdə 6%, Çikaqoda isə 5,2% ucuzlaşdı. Lakin taxıl birjalarında qiymətlərin enməsi dövrü qısamüddətli oldu. Bir günlük enişdən sonra Londonda buğdanın qiymətləri 0,5%, Parisdə 1,2%, Çikaqoda isə 0,8% bahalaşdı.

Azərbaycanda son bir ildə idxal buğdasının qiyməti 38,8%, son iki ildə isə 57% bahalaşmışdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2022-ci ilin yanvar-fevral aylaraında ölkəyə 51,9 milyon dollar dəyərində 150,6 min ton buğda idxal edilmişdir. Bu 2021-ci ilin yanvar-fevral aylarına nisbətən fiziki çəkidə 6,7 dəfə, dəyər ifadəsində isə 9,2 dəfə çoxdur. Onu da qeyd etməliyəm ki, Dövlət Gömrük Komitəsinin də məlumat bazasında Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistik məlumatlarda olduğu kimi dolaşıq rəqəmlərə rast gəlirik. Təsəvvür edin, DGK 2021 ci ilin yanvar-fevral aylarında, yəni iki ay ərzində buğda idxalının miqdarını 22 290.00 ton, statistik dəyərini 5 650.13 min ABŞ dolları göstərdiyi halda, həmin ilin yanvar ayında, yəni 1 ay ərzində idxal edilən buğdanın miqdarını sonrakı iki ayın göstəricisindən 913.54 ton çox (23 203.54 ton), statistik dəyərini isə 250.46 min dollar çox (5 900.59 min ABŞ dolları) göstərmişdir. Necə ola bilər ki, yalnız yanvar ayında ölkəyə 23 203.54 ton, yanvar-feral aylarında isə 22 290.00 ton buğda idxal edilsin?! Təəssüflə qeyd etməliyəm ki, Dövlət Statistika Komitəsi də dəfələrlə istehsal, idxal göstəriciləri ilə manipulyasiya etməklə kənd təsərrüfatındakı geriləmələri ört-basır etməyə çalışmışdır.

Apardığımız hesablamalar göstərdi ki, 2022-ci ilin ilk 2 ayı ərzində ölkəyə idxal olunan buğdanın 1 tonunun idxal dəyəri 344,98 dollar təşkil etmişdir. Bu da 2021-ci ilin yanvar-fevral aylarında idxal edilən buğdanın idxal dəyərinə nisbətən 38,8%, 2020-ci il yanvar-fevral aylarına nisbətən isə 57% yüksəkdir. Ölkəyə idxal edilən buğdanın qiymətində baş verən artım nəticəsində buğda ununun qiyməti artmışdır. Ümumi taxıl məhsullarının qiymət artımı daxili bazarda yemlik buğdanın qiymətinə də çox ciddi təsir etmişdir. Apardığımız araşdırmalar göstərdi ki, regionlarda yemlik buğdanın qiyməti son 3 ay ərzində 50%-dən çox bahalaşmışdır.

Bu ilin yanvar ayının 12-də İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərkən demişdir: “Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik”.

Qeyd etməliyəmki, hələ 2000-ci ildə “Taxıl haqqında” qanun qəbul edilmiş və həmin qanunun 8-ci maddəsinə əsasən Dövlət Taxıl Fondu yaradılmışdır. Qanunun 8-ci maddəsinin 1-ci bəndində deyilir ki, fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasında dövlət taxıl fondu yaradılır. Gördüyünüz kimi Azərbaycanda dövlət taxıl fondunun yaradılmasında məqsəd daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısının alınması olmuşdur. Həmin qanunun 10-cu maddəsinə uyğun olaraq qiymət tarazlığının təmin olunması məqsədi ilə taxıl bazarına əmtəə müdaxiləsi nəzərdə tutulur. Qanunun 9-cu maddəsinin 4-cü bəndində isə bildirilir: “Dövlət sifarişçiləri dövlət taxıl fondunun nəzərdə tutulan həcminin və çeşidinin formalaşmasına məsuliyyət daşıyırlar və hər ilin yanvar ayında fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər və hesabatı kütləvi informasiya vasitələrində dərc etdirirlər”. Nazirlər Kabinetinin 2009-cu ildə təsdiq etdiyi “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda o da nəzərdə tutulur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə daxili bazarda buğdanın kəskin qiymət artımının qarşısının alınması məqsədi ilə Fonddan taxıl bazar qiymətlərindən aşağı qiymətə satıla bilər.

Qeyd etməliyəm ki, Prezidentin 2021-ci il 7 oktyabr tarixli fərmanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılmış və Dövlət Taxıl Fondu həmin Agentliyin sərəncamına verilmişdir.

Onu da qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2021-ci ilin iyun ayının əvvəllərindən ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanı yerli istehsalçılardan bir tonunun alış qiymətinin 400 manat, 22 avqust 2021-ci il tarixdən isə 500 manat olmaqla kütləvi informasiya vasitələrində elan yerləşdirmişdir. Lakin bu günə qədər Fondun yerli istehsalçılardan nə qədər ərzaq buğdası aldığı haqda kütləvi informasiya vasitələrində məlumat dərc edilməmişdir. Baxmayaraq ki, yuxarıda qeyd edildiyi kimi “Taxıl haqqında” qanun 9-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq hər ilin yanvar ayında fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi hesabat kütləvi informasiya vasitələrində dərc edilməlidir.

Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildə Dövlət Taxıl Fondunun (DTF) buğda ehtiyatı daha 250 min ton artırılaraq 750 min tona çatdırıldı. Məhz bu səbəbdən də həmin vaxtdan xaricdən gətirilən buğdanın həcmi artmışdır. Dövlət Taxıl Fondu o zamandan buğda ehtiyatını daha çox daxili istehsal hesabına deyil, xaricdən idxal etdiyi buğda hesabına yaradırdı. DTF onu əsas gətirir ki, guya Azərbaycan fermerləri istehsal etdikləri buğda unüyütmə üçün yararsızdır. Digər tərəfdən Kənd təsərrüfatı Nazirliyi iddia edir ki, yerli taxıl, xüsusən buğda keyfiyyətlidir. Bu da sual doğurur. Yalnız taxıl idxalı üçün hər il ölkədən 400-500 milyon dollar vəsait çıxarılır. Bu qədər vəsait əcnəbi fermerlərin istehsalını genişləndirir, biznesini stimullaşdırır. Dövlət büdcəsindən kənd təsərrüfatına 943 milyon manat vəsait ayrılıb. Və bu qədər maliyyə vəsaitinin müəyyən bir hissəsi taxılçılığın inkişafına yönəlir. Bəs necə olur ki, sahəyə ciddi dövlət dəstəyi olduğu halda, hər il ölkəyə 1,4-1,7 milyon tonadək ərzaq buğdası idxal olunur? Bilirsinizmi, bu qədər buğda bizim istehlak etdiyimizdən çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda adambaşına 265 kiloqram dənli (çəltik istisna olmaqla) və dənli paxlalılar istehlak edilir. Bu göstərici Belarusda 76, Qazaxıstanda 96, Moldovada 141 kiloqram təşkil edir. Təsəvvür edin, azərbaycanlılar qazaxlara nisbətən 2,7 dəfə çox, belaruslara nisbətən 3,4 dəfə çox dənli (çəltik istisna olmaqla) və dənli paxlalılar istehlak edir. İnandırıcı deyil! Təsəvür edin, Azərbaycanda adambaşına 186 kiloqram buğda istehsal olunur, 150 kiloqram da idxal edilir. Adambaşına 330 kiloqram buğda düşür.
Ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərkən demişdir: “Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik”. Belə təsəvvür yaranır ki, ölkə əhalisi yalnız buğda ilə qidalanır. Əgər ölkəyə 1,3 milyon tondan çox buğda idxal edilibsə, istehsal 1,8 milon tondan çox olubsa, DTF-da 750 min ton ehtiyat buğda varsa, onda ölkədə buğdanın qiyməti niyə 50 faiz artıb?

Bütün ölkələrdə ərzaq buğdası, un, çörək vacib sosial əhəmiyyət kəsb edən strateji məhsul hesab olunur. Azərbaycan əhalisi daha çox çörək istehlak etdiyi üçün Azərbaycan hökuməti daxili bazarda buğdanın, unun, çörəyin qiymətlərinin artmasının qarşısını alınmalı idi. “Taxıl haqqında” qanunun 8-ci maddəsinin 1-ci bəndində deyilir ki, daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasında dövlət taxıl fondu yaradılır. Həmçinin"Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 4.1. maddəsində ehtiyat buğdadan "daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə" istifadəsi nəzərdə tutulduğu halda, qiymət artımının qarşısı alınmadı. Dövlət Taxıl Fondunun nə üçün, kim üçün yaradıldığı sual yaratmaqla yanaşı həm də şübhələr yaradır.

Təəssüflə qeyd etməliyəm ki, İlham Əliyev məlum müsahibəsində onu da demişdir ki, “əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar”.

Əslində Azərbaycan hökuməti daxili istehsalı stimullaşdırmalıdır. Ona görə də Dövlət Taxıl Fondu ehtiyat buğdanı yerli fermerlərin istehsal etdikləri məhsulun hesabına formalaşdırmalıdır. Əks halda bu fondu yaratmağa nə ehtiyac var idi? Axı dünya bazarında buğda təklifi həmişə tələbi üstələyib. DTF yerli fermerlərin istehsal etdikləri buğdanı tədarük etməklə fermerlərin satışla bağlı yükünü asanlaşdırar, onların istehsala maraqlarını artırar. Buğda istehsalı ilə bağlı rəqəmlərin şişirdilməsinə isə heç ehtiyac yoxdur. Bir varı, bir də yoxu gizlətmək mümkün deyil. Məmurlar dilə gətirdikləri qədər buğda istehsal olsaydı, həmin məhsul bazarda olardı. Buğdanın qiyməti bu qədər kəllə-çarxa qalxmazdı.

Vahid Məhərrəmli-iqtisadçı ekspert
Xəbəri paylaş