Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mixail Delyaginin "İnterpol" xətti ilə axtarışa verilməsi təklif olunur

Mixail Delyaginin "İnterpol" xətti ilə axtarışa verilməsi təklif olunur


Newscenter.az.29.03.2022. "Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycana qarşı təxribatı təsadüf hesab etmirəm. Rusiya-Ukrayna müharibəsinin uğursuz gedişatı bu ölkədə daxili vəziyyəti gərginləşdirib və hakim elitada yer tutan anti-Azərbaycan dairələr indi bu qarışıqlıqdan yararlanmaq istəyirlər".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədə Ermənistandan çox onun havadarları, o cümlədən Rusiyanın məhz adıçəkilən dairələrini məğlub edib: "Biz o zaman da Rusiya telekanallarının bu cür ucuz spirt qoxusu gələn təhdidlərinin şahidi olurduq. Nəticə nə oldu? Bu sifarişli çirkab yuvaları nəyisə dəyişi bildimi? Bayrağımızın Şuşada dalğalanmasına, Ermənistana əvəzsiz olaraq verdikləri silahların Bakıda Azadlıq meydanında hərbi qənimət kimi nümayişinə mane ola bildilərmi? İndi bunlar iddia edirlər ki, Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini pozur. Biz öz sərhədlərimiz daxilində hərəkət edirik. Nə müharibə dövründə, nə də sonra əsgərimiz sərhədimizdən bir addım da olsun kənara çıxmayıb. Yersiz bəyanatlarla mənasız ictimai müzakirə açmaqdansa, Rusiya Müdafiə Nazirliyi yaxşı olar ki, üçtərəfli bəyanatın Rusiyanın icra etməli olduğu 4-cü bəndinə diqqət etsin. Moskva öhdəlik götürüb ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma sülhməramlılar bölgədə yerləşsə də, erməni dəstələrini hələ də çıxarmayıblar, necə deyərlər, bərabər "xidmət" edirlər. Buna nə deməli? Bütün bunlar müttəfiqimiz olan Rusiyanın imicinə ciddi zərbədir. İndi Azərbaycan silahlı qarşıdurma olmadan qanunsuz erməni dəstələrini geriyə atmaqla, öz ərazilərimizin təhlükəsizliyini təmin etməklə həm də Moskvanın öhdəliklərini onun əvəzinə icra etmiş olur. Bu, əslində, indiki həssas məqamda imicinin xilası baxımdan Moskvanın özünün marağında olmalıdır. Bu gün bir reallıq var ki, Qərb ölkələrindən fərqli olaraq, Rusiyada yekun söz ölkə Prezidentinindir və Vladimir Putin də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” hər iki dövlətin milli maraqlarına cavab verir. Ona görə də biz Rusiyanın Azərbaycana münasibətinə muzdlu telekanalların və sərxoş ekspertlərin yox, məhz müttəfiqlik bəyanatının və Rusiya Prezidentinin mövqeyi əsasında qiymət verməliyik".

B.Məhərrəmov bildirib ki, bu gün Putinin ayaqqabısını öpən Mixail Delyagin bir neçə il əvvəl Rusiya Prezidentini "bacarıqsız və kiçik Stalin" adlandırırdı: "Boris Nemtsovun ən yaxın köməkçisi və sonradan üzünə duran şahid kimi imic qazanmış bu əbləhin bizdən danışması, müzəffər ölkənin adını dilinə gətirməsi həqiqətən üzücüdür. Adamın imicinə və səviyyəsinə baxıb cavab verməyi də özünə sığışdırmırsan. Təbii ki, Delyagin Rusiya demək deyil. Amma istənilən halda deputatdır və dilinə belə təhdid gətirirsə, məsuliyyətini də daşımalıdır. Mixail Delyaginin çıxışı təcavüzə və terrorçuluğa açıq çağırışdır və ictimai formada yayımlanan bu fikirlər Rusiya Cinayət Məcəlləsinin 205.2 və 354-cü, Azərbaycan Cinayət Məcəlləsinin isə 101, 214-2 maddələri başda olmaqla cinayətlərin məcmusu üzrə cinayət məsuliyyəti yaradır. Hesab edirəm ki, bu adam ölkəmizdə "arzuolunmaz şəxs" elan olunaraq "qara siyahı"ya salınmalı, barəsində cinayət işi açılaraq "İnterpol" xətti ilə axtarışa verilməlidir. Bu cür təxribatlara qucaq açan və həvəslə şərait yaradan istənilən media qurumunun ölkəmizdə yayımı isə dayandırılmalıdır. İnanıram ki, bu addımımıza müttəfiqimiz Rusiya da anlayışla yanaşar. Çünki bu təcrübəyə bizdən öncə elə Rusiya özü müraciət edib və iki gün əvvəl Rusiyanın müvafiq nəzarət orqanı Azərbaycanın bir neçə xəbər saytını öz ərazisində bloklayıb".
Xəbəri paylaş