Newscenter.az.29.03.2022. Rusiya Azərbaycanı təhdid edir. Hələlik müxtəlif ekspertlərin dililə, amma əslində bu, gözlənilən idi, çünki təhdidlərin olacağı haqda çoxdan yazılırdı və deyilirdi. Təhdidlərin səbəbləri də göstərilirdi və bildirilirdi ki, İkinci Qarabağ Savaşından başlayan mərhələni geosiyasi mübarizənin "aktiv fazası" hesab etmək olar.
Çünki Azərbaycan üçün hədəfi torpaqların işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası olan İkinci Qarabağ Savaşı geniş bucaqdan baxdıqda "aktiv fazanın" başlanğıcı idi. Başqa sözlə, 44 günlük müharibəyədək daha çox siyasi-diplomatik müstəvidə gedən geosiyasi mübarizə artıq döyüş meydanına keçirdi.
Bu, geosiyasətin əlifbasıdır, çünki yeni geosiyasi konstruksiyanın formalaşdırılması heç zaman dinc yolla baş tutmayıb. Dünya siyasətinin əsas meydanı sayılan Avrasiya regionunda bütün yeni siyasi münasibətlər sistemi böyük qanlı müharibələrin ardınca və onların nəticəsi olaraq formalaşıb.
Bu gün keçdiyimiz mərhələ də bu mənada əvvəlkilərdən heç nə ilə fərqlənmir, çünki siyasətdə, xüsusilə də geosiyasətdə hərbi güc yeganə amil olmasa da, amma eyni zamanda hələ heç kim onu hesabdan silməyib. Amma yalnız hərbi güc geosiyasi mübarizədə heç də həlledici rol oynamır.
Burda ölkənin iqtisadi gücü, siyasi sisteminin dayanıqlılığı, texniki və texnoloji inkişaf səviyyəsi, əhali sayı, ərazisi, təbii resurları, coğrafi mövqeyi və digər bu kimi amillər də mühüm rol oynayır. Hərbi güc də bütün sadalanan amillər gözlənilən nəticəni qazanmağa təsir edə bilməyəndə işə düşür.
Geosiyasi mübarizənin hədəf(lər)i və ya onun predmeti isə qlobal siyasi və iqtisadi münasibətlərin təməlində dayanan amil(lər) olur. Məsələn, İkinci Dünya Müharibəsinin əsas predmeti nəzarət uğrunda qlobal güclər arasında mübarizə gedən ərazilər idi. Başqa sözlərlə buna kolonist güclər arasında gedən mübarizə də demək olar.
Bu da təbii idi, çünki kolonist dövlətlərin əsas gəlir mənbəyini təşkil edən resurslar onların nəzarət etdikləri koloniyalarda cəmləşmişdi. Məsələn, neft, qızıl, sənayenin inkişafı üçün zəruri olan metallar və s. Bugünkü geosiyasi mübarizənin əsas hədəfi isə istehsalçılarla böyük bazarlar arasında əlaqəni təmin edən kommunikasiyalardır.
Həmin qlobal istehsal-istehlak əlaqələrinə baxsaq burada şərti olaraq 3 əsas regionun olduğunu görürük:
- Cənub-Şərqi Asiya və Çin
- Şimali Amerika (ABŞ və Kanada)
- Avropa Birliyi ölkələri
Bizim üçün burada əhəmiyyətli birincilərlə üçüncülər arasında olan ticari əlaqələrdir ki, onların bir hissəsi Mərkəzi Asiya və Cənubi Qafqaz üzərində keçməklə təmin olunmalıdır. Hər iki bölgənin qlobal güclər üçün cəlbedici olmasına rəvac verən səbəblərdən biri də budur.
Digər səbəb isə bölgədə enerji daşıyıcıları ilə zəngin olan və onların daşınması üçün zəruri infrastruktura malik ölkələrin olmasıdır. Konkret halda da söhbət Mərkəzi Asiyada Qazaxıstan və Türkmənistandan, Cənubi Qafqazda isə Azərbaycan və Gürcüstandan gedir.
Sadalanan bölgə ölkələrinin hamısı böyük Şərq-Qərb dəhlizinin bir hissəsinin keçməli olduğu ölkələrdir ki, bu da həmin ölkələri Rusiya üçün öz təsiri altına almaq baxımından son dərəcə əhəmiyyətli edir. Özü də təkcə dəhlizə nəzarət etmək baxımından deyil, həm də Avropanın enerji təhcizatını öz inhisarında saxlamaq üçün.
Şərq-Qərb dəhlizinin üzərində olan cöğrafi və inzibati vahidlərin ardıcıllığına baxdıqda onların ətrafında gedən mübarizənin də konturları aydınlaşır: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz-Ukrayna-Avropa. Şübhəsiz ki, bütün bu dəhlizə nəzarət eməyə iddialı olan əsas ölkə də Rusiyadır.
Bu gün Ukraynaya qarşı işğal siyasəti yürüdən Rusiyanın təbliğatı məsələni elə təqdim edir ki, guya Rusiya məcbur olub Ukraynaya qəflətən hücum etdi. Əslində isə sadalanan ardıcıllıq üzrə Rusiyanın müdaxiləsinin xronoloji ardıcıllığı başqa mətləblərdən zəbər verir. Ukraynaya qarşı Rusiya təcavüzü hələ 2010-cu illərin əvvəllərindən başlamışdı.
Paralel olaraq Rusiya Xəzərə nəzarətini gücləndirməyə başlamışdı və bu, ilk növbədə Xəzərin statusuna dair danışıqlarda geri çəkilməyən Azərbaycana təzyiqdən ibarət idi. Həmin təzyiqlərin nəticəsində 2018-ci ilin avqustunda Xəzər Dənizinin Statusuna dair Aktau Konvensiyası imzalanmışdı.
Xəzərlə bağlı məsələ öz həllini tapdıqdan sonra Rusiya ikinci mərhələyə hazırlaşır və ona start 2022-ci ilin yanvarında - Qazaxıstanın faktiki ələ keçirilməsilə start verilir. Ayyarımdan sonra Rusiya Ukraynaya qarşı böyük miqyaslı müharibəyə başlayır. Ukraynaya qarşı müharibədə Rusiya əsasən ölkənin Qara dənizə çıxışı olan zolağını işğal etməyə çalışır.
Məntiqlə və ardıcıllıqla növbəti hədəflər digər iki Xəzər-Qara dəniz hövzəsi dövləti olmalı idi və öncədən verilən proqnozlar da buna işarə edirdi: Azərbaycan və Gürcüstan. Qazaxıstanın asanlıqla ələ keçirilməsi (əslində orada da Moskvanın ciddi problemləri hələ qalmaqdadır) həm də onun güclü hərbi tərəfdaşlarının olmaması ilə izah edilə bilər.
Ukraynaya gəldikdə isə vəziyyət tamamilə fərqlidir: Qərb və xüsusilə də NATO dövlətləri Rusiyanın bu ölkəyə qarşı apardığı işğalçı siyasətin qarşısına keçilməsi çətin olan sipər çəkiblər. Bütün dağıdıcı potensialını ortaya qoymasına rəğmən Rusiya hələlik Ukraynada öz hədəflərinə çata bilmir.
Oxşar vəziyyət də Gürcüstanla bağlıdır. Bir o fərqlə ki, bu ölkə Ukrayna ilə müqayisədə bütün parametrlər üzrə Rusiya qarşısında daha müdafiəsizdir. Azərbaycana gəldikdə isə burda Rusiyanın kobud güclə (hərbi) təsir imkanları məhduddur. Bunu məhdudlaşdıran səbəb isə Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi tərəfdaşlıq haqqında olan müqaviləsidir.]lliyin itirilməsi demək olardı.
Bəs Moskva Cənubi Qafqazda "ikinci cəbhə" aça bilərmi? Yüksək ehtimalla aça bilər, amma çox güman ki, öncə Gürcüstana qarşı, çünki bu ölkənin nəzarətə götürülməsi onun ərazisindən keçən kommunikasiyaların ələ keçirilməsi demək olardı. Amma belə addımı Moskva çox güman ki, yalnız Ukraynada vəziyyət aydınlaşandan sonra ata bilər.
Hərçənd, Mokvanın davranışını proqnozlaşdırmaq bir o qədər də asan deyil.
Fyodor Tyutçevin dediyi kimi: Умом Россию не понять, yəni Rusiyanı ağılla anlaya bilməzsən.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri